İlon Maskdan şok etiraf: “Mən axmaq idim, süni intellekt hamımızı məhv edə bilər”
Amerikalı milyarder İlon Mask ilə “OpenAI” şirkətinin baş icraçı direktoru Sam Altman arasında Kaliforniyada davam edən “əsrin məhkəməsi”ndə gərginlik pik həddə çatıb.
Patrul.az xəbər verir ki, “OpenAI” şirkətinə qarşı açdığı iddia çərçivəsində hakim qarşısına çıxan İlon Mask süni intellektin gələcəyi və şirkətin yaradılma məqsədləri ilə bağlı rezonans doğuran açıqlamalar verib.
ABŞ-nin Kaliforniya ştatında keçirilən məhkəmə prosesi zamanı Mask “OpenAI” rəhbərliyi tərəfindən aldadıldığını iddia edib. O bildirib ki, şirkətin 2015-ci ildə insanlığın rifahı üçün çalışan qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərəcəyi düşüncəsi ilə milyonlarla dollar maliyyə dəstəyi ayırıb. Mask Sam Altman və Qreq Brokman tərəfindən aldadıldığını iddia edərək deyib:
“Mən onlara bir startap yaratmaq üçün faktiki olaraq pulsuz maliyyələşdirmə verdim. Axmaq olan mən idim. Elə bilirdim ki, biz insanlığı qoruyuruq, lakin onlar bu layihəni milyardlarla dollarlıq kommersiya maşınına çevirdilər”.
Süni intellektin təhlükəsizliyi məsələsinə də toxunan Mask nəzarətsiz inkişafın bəşəriyyət üçün ekzistensial təhlükə yarada biləcəyini bildirib:
“Ən pis ehtimal süni intellektin hamımızı öldürməsidir. Bu, “Terminator” ssenarisidir və biz buna doğru addımlayırıq”.
Məhkəmədə diqqət çəkən məqamlardan biri də Maskın öz şirkəti olan “xAI” barədə etirafı olub. O bildirib ki, “xAI” bəzi hallarda “OpenAI” modellərinin distillə üsulu ilə öyrənilməsindən istifadə edib.
Qeyd edək ki, distillə süni intellekt sahəsində böyük modellərin davranışlarını daha kiçik modellərə ötürmək üçün istifadə olunan texnologiyadır.
“OpenAI”ın vəkili Uilyam Savitt isə Maskın ittihamlarını rədd edib. Müdafiə tərəfi hesab edir ki, Mask əsasən rəqibi zəiflətmək və öz şirkəti olan “xAI”ın bazardakı mövqeyini gücləndirmək məqsədilə məhkəmə iddiası qaldırıb.
Xatırladaq ki, İlon Maskın “OpenAI”a qarşı, o cümlədən Sam Altman və Qreq Brokman əleyhinə qaldırdığı məhkəmə prosesi 2026-cı ilin aprel ayının sonunda Kaliforniyanın Oklend şəhərində başlayıb və hazırda da davam edir.

Gülbəniz Səfərova






