“İndiki halda sülh müqaviləsinin imzalanması Azərbaycana növbəti tarixi problem yaşada bilər”- ŞƏRH OLUNDU
“Ermənistan Azərbaycanı sülh müqaviləsi imzalamağa tələsdirir. Bu, onların müxtəlif rəsmilərinin bəyanatlarında hiss olunur. Onlar Ermənistanın dünya ictimaiyyətində sülhpərvər, regionda sülhün carçısı kimi təqdim olunmağını çox arzulayırlar. Amma iş orasındadır ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu sülhpərvərliyinin arxasında əslində çirkin niyyətlər durduğundan tam məlumatlı deyil”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Ermənistan konstitutsiyasında indiyədək Azərbaycanın ərazi bütövlüyünə iddia var:
“Ermənistan qanunlarında Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş separatçı rejimlərə istinad var. Digər tərəfdən, hələ də beynəlxalq birlikdə ATƏT-in Dağlıq Qarabağ məsələsi üzrə Minsk Qrupu fəaliyyət göstərir. Hansı ki, mövcud olduğu illərdə problemin həlli ilə bağlı heç bir iş görməyib. Ermənistan bütün bunları arxa plana keçirərək sülh müqaviləsi imzalatdırmaq, Azərbaycandan və Türkiyədən öz gözləntilərini əldə etmək istəyir”.
Millət vəkili bidlirib ki, Ermənistan konstitutsiyası dəyişmədən bu müqavilənin imzalanması Azərbaycana növbəti bir tarixi problem yaşada bilər:
“Necə ki, 1923-cü ildə yaradılan süni Dağlıq Qarabağ Muxtar Vilayəti 55 ildən sonra öz ağırlığını və Azərbaycana böyük problem yaratdığını büruzə verdi. Əgər indi Azərbaycan əsas məsələlər həll edilmədən sülh müqaviləsini imzalasa, təxminən 2090-cı illərin əvvəllərində yeni bir Dağlıq Qarabağ problemi əldə etmiş olarıq”.
Ləman Sərraf