İngiltərə kralının gözündəki damar partlaması gündəm oldu
İngiltərə kralı III Çarlz Fransa prezidenti Emmanuel Makronun rəsmi səfəri ərəfəsində sağ gözündə nəzərəçarpacaq damar partlaması ilə görüntülənib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, kralın gözündəki bu qızartının başqa bir sağlamlıq problemi ilə əlaqəli olmadığı bildirilib.
Makron və həyat yoldaşı Briqit Makronun İngiltərəyə bu səfəri, son 17 ildə Fransadan həyata keçirilən ilk rəsmi dövlət səfəri kimi tarixi əhəmiyyət daşıyır. Səhər saatlarında “RAF Northolt” Hava Bazasında Prens Uilyam və Kembric Hersoginyası Keyt tərəfindən qarşılanan Makron cütlüyü daha sonra Vindzor qalasında Kral Çarlz və Kraliça Kamilla ilə görüşüblər.
Qarşılama mərasimi olduqca möhtəşəm keçib. Kral Çarlz və Prezident Makron kral at arabası ilə Vindzor küçələrində rəsmi keçid mərasimi həyata keçiriblər. Onların ardınca Kraliça Kamilla və Briqit Makron başqa bir at arabasında, Prens Uilyam və Hersoginya Keyt isə fransız nazirlərlə birlikdə üçüncü at arabasında iştirak ediblər.
Keçid marşrutu boyunca təhlükəsizliyi təmin etmək üçün polis və ordu qüvvələri səfərbər olunub. Ərazidəki bəzək qabları, zibil qutuları da daxil olmaqla bütün nöqtələr təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılıb.
Şəhər bələdiyyəsi bildirib ki, bu nəhəng təşkilat yerli sakinlərə minimum narahatlıq vermək prinsipi ilə planlaşdırılıb.
Vindzor qalasında keçirilən rəsmi qarşılamada Prezident Makron Kraliça Kamillanın əlini öpüb. Onun xanımı Briqit isə Kraliçanı fransızlara xas ikitərəfli yanaq öpüşü ilə salamlayıb. Makron həmçinin Kral Çarlzın kürəyinə dostcasına əlini qoyaraq mehriban bir salam verib. Bütün nümayəndə heyəti Fransa milli himni səsləndiyi zaman ehtiramla ayağa qalxaraq sayğı duruşunda dayanıb.
Bu səfər İngiltərə ilə Fransa arasındakı diplomatik münasibətlər baxımından simvolik bir hadisəyə çevrilərkən, Kral Çarlzın gözündəki damar partlaması isə mərasimin ən çox diqqət çəkən detalları arasında yer alıb.
Ləman Sərraf