İnsanın emosional rifahı işinə necə təsir göstərir? – PSİXOLOJİ İZAH
Çində fəaliyyət göstərən “Pang Dong Lai” şirkətinin “xoşbəxt deyilsənsə, işə gəlmə” qaydası son günlər iş dünyasında ciddi rezonans yaradıb. Şirkətin qurucusu Yu Donglai-nin bu qərarı ilk baxışda romantik və utopik görünsə də, əslində müasir iş psixologiyasının ən mühüm istiqamətlərindən birinə əsaslanır. O hesab edir ki, işçinin emosional rifahı onun fiziki sağlamlığı qədər vacibdir və insan özünü psixoloji olaraq yüklənmiş, yorğun və ya motivasiyasız hiss edirsə, işə məcburi şəkildə getməsi həm məhsuldarlığı aşağı salır, həm də komandadakı ümumi atmosferi zədələyir.
Bəs emosional rifah həqiqətən də iş mühitinə təsir göstərirmi? Bu qərar psixoloji baxımdan nə qədər əhəmiyyətlidir?
Mövzu ilə bağlı Patrul.az-a danışan, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, Çində “xoşbəxt deyilsənsə, işə gəlmə” prinsipinin gündəmə gəlməsi müasir idarəetmədə çox vacib bir reallığı ortaya çıxarır:
“Bu reallıq onu göstərir ki, emosional rifah artıq iş mühitinin əlavə elementi deyil, işin özünün ayrılmaz hissəsidir. Son illərin elmi araşdırmaları əməkdaşın emosional və zehni vəziyyətinin onun məhsuldarlığına, qərarvermə bacarığına, kreativliyinə və komanda davranışına birbaşa təsir göstərdiyini sübut edir. Yəni psixoloji rifah yalnız fərdi xoşbəxtlik deyil, təşkilati səmərəlilik məsələsidir. Yu Donglaini belə bir qərara gətirən əsas səbəb də məhz budur. İşçi özünü psixoloji olaraq tükənmiş hiss edirsə və ya stress altındadırsa, işə məcburi gəlməsi nə şirkətə fayda verir, nə də işçini daha yaxşı vəziyyətə gətirir”.
Psixoloqun sözlərinə görə, bu cür “məcburiyyət mədəniyyəti” uzun müddətdə tükənmişlik, aqressiya, performansın düşməsi və kadr axını kimi mənfi nəticələr yaradır:
“Halbuki işçinin öz emosional vəziyyətini tənzimləmək üçün bir gün istirahətə ehtiyacı varsa, bu, həm onun uzunmüddətli rifahını qoruyur, həm də təşkilatın ümumi psixoloji iqlimini gücləndirir”.
E. Rüstəmov bildirib ki, belə çevik yanaşmanın psixoloji baxımdan bir neçə mühüm üstünlüyü var:
“İlk növbədə, işçi özünə hörmət və güvən hiss edir. Çünki şirkət onu yalnız fiziki resurs kimi deyil, emosional varlıq kimi qiymətləndirir. Bu da öz növbəsində daxili motivasiyanı artırır. İkincisi, psixoloji təhlükəsizlik mühiti formalaşır. İnsanlar emosiyalarını gizlətməyə məcbur olmurlar ki, bu da ünsiyyətin səmimiliyini və komanda daxilində etimadı gücləndirir. Üçüncüsü, belə bir yanaşma preventiv xarakter daşıyır — yəni işçinin tükənməsinin qarşısını alır və daha ciddi psixoloji problemlərin yaranmasına imkan vermir. Şübhəsiz ki, hər ölkənin iş mədəniyyəti, hüquqi çərçivələri və sosial konteksti fərqlidir, lakin prinsip universal olaraq doğrudur. Emosional rifahın qorunması həm insan inkişafı, həm də iş səmərəliliyi baxımından strateji qərardır. Bu cür addımlar psixoloji sağlamlığın fiziki sağlamlıq qədər vacib olduğunu qəbul edən müasir idarəetmə modelinin tərkib hissəsidir”.
Psixoloq əlavə edib ki, bu yanaşma yalnız əməkdaşın xoşbəxtliyi üçün deyil, uzunmüddətli perspektivdə təşkilatın dayanıqlığı üçün də mühüm əhəmiyyət daşıyır:
“Sağlam psixoloji mühit sağlam komanda deməkdir, sağlam komanda isə yüksək nəticə deməkdir”.
Ləman Sərraf






