media-inshot_20260507_181746969

Son illərdə cəmiyyətdə, iş mühitində, nəqliyyatda və gündəlik münasibətlərdə aqressiya, əsəbilik və emosional gərginlik hallarının artdığı daha çox müşahidə olunur. İnsanların daha tez əsəbiləşməsi, kiçik məsələlərə sərt reaksiya verməsi və emosiyalarını idarə etməkdə çətinlik çəkməsi psixi sağlamlıq mövzusunu yenidən gündəmə gətirir.

Bəs son illərdə artan aqressiya və əsəbilik halları insanların psixi sağlamlığı ilə nə dərəcədə bağlıdır və bu vəziyyətin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, son illərdə artan aqressiya və əsəbilik halları həm uzunmüddətli stressin, həm də insanların psixoloji yüklənməsinin nəticəsi olaraq psixi sağlamlıqla birbaşa əlaqələndirilir:

“Son illərdə müşahidə olunan aqressiya və əsəbilik hallarının artması psixi sağlamlıqla birbaşa əlaqəlidir, amma bunu yalnız fərdi psixoloji problemlərlə izah etmək düzgün olmaz. Burada həm şəxsi, həm də sosial amillər rol oynayır.

İnsan psixikası uzunmüddətli stressə məruz qaldıqda ilk reaksiyalardan biri emosional gərginliyin artmasıdır. Maddi çətinliklər, qeyri-müəyyənlik, informasiya yüklənməsi, sosial təzyiq və gündəlik həyatın sürəti sinir sistemini davamlı yüksək oyanıqlıq vəziyyətində saxlayır. Bu zaman insanın emosiyalarını tənzimləmə qabiliyyəti zəifləyir və ən kiçik stimul belə aqressiv reaksiya yarada bilir. Bəzən aqressiya birbaşa qəzəb deyil, daha dərin psixoloji vəziyyətlərin ifadə forması olur. Məsələn, narahatlıq, yorğunluq, daxili boşluq, hətta depressiya bəzi insanlarda əsəbilik və dözümsüzlük kimi özünü göstərə bilər”.

media-img-20260423-wa0053

N.Orucov qeyd edir ki, emosional savadlılığın zəifliyi və aqressiv ünsiyyətin normallaşdığı sosial mühit insanlarda gərginliyin daha tez aqressiya və əsəbilik formasında ortaya çıxmasına səbəb olur:

“Digər mühüm məqam emosional savadlılığın zəif olmasıdır. Bir çox insan nə hiss etdiyini tanımaq və bunu sağlam şəkildə ifadə etmək bacarığını inkişaf etdirməyib. Nəticədə daxildə yığılan gərginlik aqressiya şəklində üzə çıxır.

Sosial mühit də buna təsir edir. Aqressiv ünsiyyətin normallaşdığı, empatiyanın azaldığı və sürətli reaksiya mədəniyyətinin formalaşdığı bir dövrdə insanlar daha tez qıcıqlanmağa başlayır. Xüsusilə sosial şəbəkələrdəki gərgin diskurs real həyata də sirayət edir”.

Psixoloqun sözlərinə görə, artan aqressiya cəmiyyətin psixoloji yorğunluğunu göstərir və həll yolu psixoloji dəstək və sağlam sosial münasibətlərdir:

“Ümumi desək , artan aqressiya halları çox zaman cəmiyyətin psixoloji yorğunluğunun göstəricisidir. Bu problemin həlli yalnız fərdi səviyyədə deyil, həm də emosional maarifləndirmə, psixoloji dəstəyin əlçatanlığı və daha sağlam sosial münasibətlərin qurulması ilə mümkündür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər