media-inshot_20251215_115230452

Həyatın bir çox sahəsində insanlar səhv edə və ya yanılşa bilirlər. Bəzən bu səhvlərdən dərs çıxarmaq və vəziyyəti düzəltmək üçün ikinci şans verilir.

Bəs, hər kəs həmişə ikinci şansı haqq edirmi, yoxsa bəzi hallarda onu verməmək daha doğru olar?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, ikinci şans bəzən insanın inkişafı üçün faydalı ola bilər, amma təkrarlanan və zərər verici davranışlarda sərhədləri qorumaq önəmlidir:

“Bu sual əslində təkcə əxlaq və münasibətlər mövzusu deyil, həm də psixoloji yetkinlik və sərhədlərlə bağlıdır. “İkinci şans” anlayışı çox vaxt humanist və mərhəmətli yanaşma kimi təqdim olunur, amma psixologiyada bu məsələ hər zaman kontekstdən asılı qiymətləndirilir. İnsan səhv edə bilən varlıqdır və bəzi hallarda ikinci şans inkişaf və dəyişiklik üçün real imkan yarada bilər. Xüsusilə də səhv impulsiv qərardan, məlumat çatışmazlığından və ya həyatın çətin mərhələsindən qaynaqlanıbsa, insanın davranışına görə məsuliyyəti dərk etməsi və onu düzəltmək istəyi görünürsə, ikinci şans psixoloji baxımdan sağlam seçim ola bilər. Bu halda ikinci şans qarşı tərəfə yox, daha çox insanın öz vicdanına və münasibətdə ədalət hissinə xidmət edir. Amma unutmaq olmaz ki, hər səhv eyni deyil. Əgər davranış sistemlidir, təkrarlanandırsa, manipulyasiya, hörmətsizlik, zorakılıq və ya etibarın ciddi şəkildə pozulması ilə müşayiət olunubsa, ikinci şans vermək çox vaxt artıq mərhəmət yox, öz sərhədlərini itirmək anlamına gəlir. Psixologiyada bu cür hallarda “təkrarlanan davranış nümunəsi” anlayışı var və təcrübə göstərir ki, dəyişmək istəməyən insan üçün ikinci, üçüncü və dördüncü şans da eyni nəticəni verir”.

media-inshot_20251215_114714119

 

Psixoloqa görə, ikinci şans yalnız insanın öz sərhədlərini və psixoloji sağlamlığını qoruyacağı halda verilməlidir:

“Burada əsas sual “hamı ikinci şansı haqq edirmi?” yox, “bu şans kimin üçün və nə bahasına verilir?” olmalıdır. Bəzən ikinci şansı verməmək daha sağlam qərardır, çünki bu, insanın öz psixoloji təhlükəsizliyini, dəyər hissini və sərhədlərini qoruması deməkdir. Sağlam münasibətlər bağışlama üzərində yox, məsuliyyət, hörmət və real dəyişiklik üzərində qurulur. Yəni ikinci şans nə avtomatik verilməli bir borcdur, nə də hər zaman imtina edilməli bir seçim. O, situasiyanın mahiyyətinə, davranışın dərinliyinə və insanın dəyişmək niyyətinin səmimiyyətinə görə qərarlaşdırılmalıdır. Ən doğru meyar isə budur: bu qərar insanı zəiflədir, yoxsa daha güclü və sağlam edir? Qərar buna əsasən verilməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər