İran atəşkəs təklifini RƏDD ETDİ
İran ABŞ-nin təklif etdiyi 15 maddəlik atəşkəs planını rədd etdiyini təsdiqləyib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Bəqayi vurğulayıb ki, İran güzəştə getmir, əksinə, öz qanuni tələblərini müdafiə edir.
“Biz öz cavabımızı hazırlamışıq və vaxtı çatanda detalları açıqlayacağıq”, deyən İran XİN sözçüsü diplomatik prosesin davam etdiyini işarə edib.
Onun sözlərinə görə, Tehranın milli maraqlara əsaslanan bir sıra vacib tələbləri var:
“İran öz qanuni tələblərini açıq şəkildə ifadə etməkdən çəkinmir və bu, kompromis əlaməti kimi deyil, mövqelərini müdafiə etməkdə inamının göstəricisi kimi qiymətləndirilməlidir”, – Bəqayi vurğulayıb.
ABŞ-nin Pakistan vasitəsilə təqdim etdiyi bu plan İranın nüvə proqramının dayandırılmasını, sanksiyaların ləğvi müqabilində raket proqramının məhdudlaşdırılmasını və Hörmüz boğazının tam açılmasını nəzərdə tuturdu.
Xatırladaq ki, Tehranın bu açıqlamasından əvvəl İran və ABŞ-nin müharibəyə son qoymaq üçün razılığa gəldikləri barədə iddialar yayılmışdı.






