İran bu dəfə etirazçılara atəş açmaq istəməyən hərbiçisinə edam cəzası verdi
İranda bu dəfə əmrə tabe olmayan hərbçi edam cəzasına məhkum edilib.
Patrul.az xəbər verir ki, yanvarın 20-də İranda məhkəmə İsfahan şəhərində keçirilən etiraz aksiyaları zamanı nümayişçilərə atəş açmaq əmrinə tabe olmaqdan imtina edən Cavid Xales adlı hərbçi barəsində edam hökmü çıxarıb.
Bu barədə məlumatı insan haqları təşkilatları yayıb.
Bildirilib ki, hərbçi etirazçılara qarşı silah işlətmək əmrinə qarşı çıxdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və xüsusi təcridxanaya aparılıb.
Məlumata görə, Cavid Xales qısa müddət ərzində məhkəmə qarşısına çıxarılıb və onun barəsində ölüm hökmü verilib. Lakin hərbçiyə qarşı konkret hansı ittihamların irəli sürüldüyü ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, bu hökm məhkəmə orqanlarının açıq şəkildə meydan məhkəmələrinin keçirilməsi və etirazlar zamanı saxlanılan şəxslərə qarşı ölüm hökmlərinin sürətlə icrası barədə danışdığı bir vaxtda çıxarılıb.
İnsan haqları müdafiəçiləri bu qərarı İran hakimiyyətinin etirazlara qarşı sərt və cəza yönümlü siyasətinin növbəti nümunəsi kimi qiymətləndirir və hökmün dərhal ləğv edilməsinə çağırış edirlər.
İran İnsan Haqları Mərkəzinin məlumatına görə, etirazlar zamanı on minlərlə insan saxlanılıb və onların əksəriyyəti vəkilə çıxış və ədalətli məhkəmə araşdırması hüququ olmadan həbsdə saxlanılır.
Xatırladaq ki, İranda 2025-ci il dekabrın 28-də Tehranın Böyük Bazarında İran rialının kəskin ucuzlaşması və ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar başlayan etirazlar zamanı ölənlərin sayı 4 mini keçib, 5 811 nəfər isə ağır yaralanıb.
Aksiyalar zamanı 26 mindən çox insan həbs olunub və saxlanılanlardan bəziləri edam cəzasına məhkum edilib.







