media-inshot_20260409_100856567

İran İsrailin Livana kütləvi hücumlarla atəşkəsi pozmasına qarşı addım atıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, əldə olunan atəşkəs razılaşmasına uyğun olaraq əvvəlcədən Hörmüz boğazını açan İran, İsrailin Livan ərazisinə endirdiyi kütləvi zərbələri razılaşmanın pozulması kimi qiymətləndirərək neft tankerlərinin boğazdan keçidini yenidən dayandırıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, boğazdan keçmək istəyən bütün gəmilər onlardan icazə almalıdır, əks halda hədəfə alınacaqlar.

Tehran administrasiyası həmçinin İsrailin atəşkəsi pozmasına cavab olaraq hərbi hazırlıqlara başlayıb və ordu bölmələrini ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirib.

Hadisələrin fonunda ABŞ Prezidenti Donald Tramp Livanın “Hizbullah” qüvvələrinin atdığı addımlara görə razılaşmaya daxil olmadığını bildirib. O, vəziyyəti “ayrı bir toqquşma” kimi qiymətləndirərək İsrailin “Hizbullah”a qarşı əməliyyatlarını dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, tərəflər arasında razılaşmanın əldə olunmasında vasitəçilik edən Pakistanın baş naziri Şahbaz Şərif isə atəşkəsin Livanı da əhatə etdiyini və dərhal qüvvəyə mindiyini vurğulayıb. Pakistan tərəfləri yekun danışıqlar üçün İslamabada dəvət edib.


Bənzər xəbərlər