media-inshot_20260304_095356453

Hazırkı İran–İsrail müharibəsi regionda ticarət və iqtisadi əlaqələrə ciddi təsir göstərir. İran mallarının qiymətindəki dəyişikliklər həm istehlak bazarına, həm də ticarət balansına təsir göstərə bilər.

Maraqlıdır, müharibə şəraiti fonunda İran məhsullarının qiymət artımı Azərbaycanda hansı məhsul kateqoriyalarına daha çox təsir göstərəcək və bu, yerli istehlakçılara necə əks olunacaq? 

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, İran-İsrail münaqişəsi nəticəsində İran məhsullarının qiymətinin artması Azərbaycan iqtisadiyyatına bir neçə istiqamətdə təsir göstərə bilər:

“Məlum olduğu kimi, Azərbaycan İranla ticarət edən ölkələrdən biridir. 2025-ci ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 644 milyon dollar olub. Bu ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 97 faizi İrandan idxal, cəmi 3 faizi isə ixrac hesabına formalaşıb. Odur ki, ixracla bağlı ciddi problem olmayacaq”.

media-inshot_20260304_095158326

İqtisadçı ekspert qeyd edib ki, müharibə uzanarsa, xüsusilə qida, dərman və tikinti materiallarında qiymət artımı mümkündür:

“Müvafiq ildə illik idxalımızın 2,6 faizi İranın hesabına olub. Bu, böyük göstərici deyil, lakin müharibə genişlənərsə idxal mallarında müəyyən qədər bahalaşma müşahidə oluna bilər. Xüsusilə də Azərbaycanda alternativi olmayan malların və ya lokal istehsalı kifayət qədər olmayan məhsulların qiymətində artım gözləniləndir. İran mallarının bahalaşması, xüsusilə gündəlik istehlak mallarında ümumi qiymət səviyyəsini yüksəldə bilər. Qiymət artımının ən çox təsir göstərə biləcəyi məhsullara – qida məhsulları (düyü, un, tərəvəz konservləri, şirniyyat, quru meyvələr, ət və süd məhsulları və s.) aiddir. Kimya və dərman preparatları – bəzi dərman və kimyəvi maddələr də İranla ticarətdən müəyyən qədər asılıdır. Tikinti materialları – sement, keramik, dəmir və s. kimi tikinti mallarının, habelə məişətdə istifadə edilən sənaye məhsullarının da qiymətində artım ola bilər. Ümumilikdə İran mallarının qiymət artımı Azərbaycanın gündəlik tələbat məhsulları, dərman və bəzi sənaye malları bazarına müəyyən qədər təsir göstərəcək. Bu da həm istehlak qiymətlərinə, həm də yerli istehsal strategiyasına təsir edəcək. Qiymət artımı Azərbaycan istehsalçıları üçün fürsətlər yarada, yerli məhsulların bazar payını artıra bilər. Müharibə uzun müddət davam edərsə, hökumət alternativ tədarük zəncirlərini genişləndirməyə və idxaldan asılılığı azaltmağa çalışa bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər