media-inshot_20260326_115841010

İranın Tramp administrasiyasının təklif etdiyi bəndlər siyahısını rədd etməsinə Ağ Evdən cavab verilib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt Vaşinqton və Tehran arasında danışıqların davam etdiyini bildirib. O, İranın sülh sazişi bağlamaqdan imtina edəcəyi təqdirdə, Trampın “cəhənnəmi açmağa” hazır olacağını söyləyib.

Livitt həmçinin vurğulayıb ki, İran hərbi cəhətdən məğlub olduğunu qəbul etməli və daha ağır zərbələrdən qaçmaq üçün razılığa gəlməlidir.

Məlumat üçün bildirək ki, Tramp administrasiyası Pakistan vasitəsilə İrana 15 bənddən ibarət atəşkəs planı göndərib. Bu təklif sanksiyaların yumşaldılması müqabilində nüvə proqramının dayandırılması, raket məhdudiyyətləri və Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi kimi bəndləri nəzərdə tutur.

Xatırladaq ki, Trampın “İran danışıqlar aparmaq istəyir” ifadəsinə İran ordusunun Xatəm Əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, podpolkovnik İbrahim Zülfəqari bunu lağa qoyaraq ABŞ-nin öz-özü ilə danışıqlar apardığını bildirib. Zülfəqari Vaşinqtonun danışıqlara səy göstərməsini uğursuzluqlarını gizlətmək cəhdi kimi qiymətləndirib:

“Əvvəllər danışdığınız strateji güc strateji uğursuzluğa çevrildi. Qlobal supergüc olduğunu iddia edən güc, bacarsaydı, artıq bu qarışıqlıqdan çıxmış olardı. Məğlubiyyətinizi razılaşma kimi qələmə verməyin. Boş vədlər dövrünüz başa çatdı”.

Zülfəqarinin açıqlaması Tramp administrasiyasının Pakistan vasitəsilə İrana 15 maddəlik atəşkəs planı göndərməsindən qısa müddət sonra verilib.

Qeyd edək ki, Tramp bir müddət əvvəlki çıxışında İranla mövcud vəziyyəti “müharibə” adlandırmayıb.

“Mən “”müharibə” sözünü işlətməyəcəyəm, çünki deyirlər ki, əgər ‘müharibə’ sözünü işlətsəniz, bu, bəlkə də yaxşı bir şey deyil. Onlar “müharibə” sözünü sevmirlər, çünki təsdiq almalısınız, ona görə də mən “hərbi əməliyyat” sözünü işlədəcəyəm, əslində bu belədir”, – deyə ABŞ lideri bildirib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər