"İran Silahlı Qüvvələri 100% döyüş hazırlığı vəziyyətinə gətirildi" - İran rəsmisi
ABŞ Prezidenti Donald Trampın atəşkəsi uzatmasına İrandan rəsmi cavab verilib.
Patrul.az xəbər verir ki, İran tərəfi bildirib ki, Vaşinqtondan atəşkəsin uzadılması ilə bağlı hər hansı sorğu və ya xahiş etməyib.
Bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.
“İran atəşkəsin uzadılması ilə bağlı Amerika tərəfinə heç bir sorğu təqdim etməyib”, – bəyanatda vurğulanıb.
Həmçinin İranın Mərkəzi Hərbi Komandanlıq Qərargahı olan Xatəm əl-Ənbiya qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib ki, İran Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir:
“Silahlı qüvvələrimiz uzun müddətdir 100% döyüş hazırlığı vəziyyətindədir. Buna görə də, İrana qarşı təcavüz və ya hər hansı hərəkət halında dərhal əvvəlcədən müəyyən edilmiş hədəflərə sarsıdıcı zərbələr endiriləcək və ABŞ ilə İsrailə daha ciddi dərs veriləcək”.
Xatırladaq ki, bu gün ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şərif və Quru Qoşunları Komandanı Asim Munirin xahişini nəzərə alaraq İrana hücumu təxirə saldığını və atəşkəsi qeyri-müəyyən müddətə uzatdığını açıqlayıb.
Atəşkəs uzadılsa da, Tramp ABŞ ordusuna İran limanlarının dəniz blokadasını davam etdirmək və tam döyüş hazırlığı vəziyyətində qalmaq barədə tapşırıq verib. O, bildirib ki, atəşkəs İran tərəfi vahid təklif təqdim edənə və müzakirələr yekunlaşana qədər qüvvədə qalacaq.






