“İran tərəfi ilə təmaslar ilk növbədə qarşılıqlı etimadın yüksəlməsini göstərir” - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Son günlərdə İran İslam Respublikası rəsmiləri ilə baş tutan bu görüşlər və telefon danışıqları nəyin göstəricisidir?
Mövzu barədə Patrul.az-a danışan politoloq Rəşad Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi, İran ətrafında yaranmış indiki gərgin dövrdə xüsusi əhəmiyyət daşıyır:
“Xüsusilə son günlərdə baş tutan mütəmadi görüşlər və telefon danışıqları, həmçinin Prezidentlə İran rəsmiləri arasında sıx əlaqələr, bir neçə mühüm istiqamətdə əhəmiyyət kəsb edir və regiondakı təhlükəsizlik mühitinin qorunması üçün açıq siqnal təqdim edir. Burada əsas vurğu Azərbaycanın öz maraqlarını qoruyaraq regional balansı və sabitliyi təmin etməsidir.
Azərbaycanın mövqeyi aydındır. Biz heç bir şəkildə münaqişədə tərəf olmaq niyyətində deyilik. Bizim üçün prioritet sərhədlərin qorunması, diplomatik dialoqun təşviqi və regionda sabitliyin təmin edilməsidir. Odur ki, bu çərçivədə keçirilən görüşlər, telefon danışıqları və yüksək səviyyəli müzakirələr tərəflərin təhlükəsizlik, iqtisadi və diplomatik əlaqələr üzrə qarşılıqlı anlaşmasını gücləndirməyə xidmət edir. Xüsusilə də İranın mühafizəkar dairələrinin zaman-zaman anti Azərbaycan bəyanatları fonunda bu şəkildə təmaslar olduqca vacibdir”.
Politoloq qeyd edib ki, İran tərəfi ilə təmaslar ilk növbədə qarşılıqlı etimadın yüksəlməsi ilə bağlıdır:
“Müdafiə və silahlı qüvvələr səviyyəsində yüksək rütbəli nümayəndələrlə müzakirələrin aparması strateji koordinasiyanın gücləndirilməsi baxımından önəmlidir. Bu cür fəaliyyət yalnız diplomatik protokol xarakteri daşımır, eyni zamanda tərəflərin uzunmüddətli strateji maraqları qorumağa hazır olduğunu göstərir.
Ümumiləşdirərək qeyd edə bilərik ki, Azərbaycan və İran rəsmiləri arasında son günlər aktivləşən təmaslar həm İran mühafizəkar qanadına, həm də regional aktorlara müsajların ötürülməsi baxımından ömənlidir. Azərbaycan regionda gərginlikdə maraqlı olmadığını, amma öz suverenliyini və sərhəd təhlükəsizliyini qorumaqda qətiyyətli olduğunun açıq mesajını vermiş olur”.
Ləman Sərraf






