"İrana getməyin!" - ABŞ vətəndaşından sərt xəbərdarlıq
ABŞ Dövlət Departamentinin farsdilli səhifəsində yayımlanan videomüraciətdə 2023-cü ildə azadlığa çıxan İran əsilli amerikalı Emad Şərqi İrana səfər etmək istəyənlərə xəbərdarlıq edib.
Patrulaz.az “Azad İran” telegram kanalına əsasən xəbər verir ki, Şərqi İranda 1975 gün həbsdə qaldıqdan sonra azad olunan bu adam videomüraciətində İrana səfərin təhlükəli olduğunu bildirib:
- “Sevdiklərinizi görmək istəsəniz belə, həbs və işgəncə riski çox yüksəkdir. İran kökləriniz sizi asan hədəfə çevirir, sizdən siyasi piyada kimi istifadə oluna bilər”,- deyə o vurğulayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Co Baydenin administrasiyası Emad Şərqi də daxil olmaqla beş amerikalının azadlığı qarşılığında iki iranlını azad edib və Tehranın 6 milyard dollar dəyərində dondurulmuş aktivlərini sərbəst buraxıb.
ABŞ Dövlət Departamenti daha əvvəl də xəbərdarlıq etmişdi ki, ikili vətəndaşlığı olan şəxslər və ABŞ-də yaşamaq icazəsi olan iranlılar İranda heç bir əsas olmadan həbs edilə bilərlər.
Gülbəniz Səfərova






