media-inshot_20260128_171525387

ABŞ Yaxın Şərqdə hərbi təlimlər keçirir. Bundan əvvəl Trampın İrana hücüm ediləcəyi xəbərdarlığından sonra hərbi gəmilər Yaxın Şərqə yerləşdirilmişdi. İran hökuməti isə buna cavab olaraq ABŞ-dən gələn hər hansı zərbəyə qarşılıq veriləcəyini bildirib. ABŞ bu yolla İrana göz dağı verməyə çalışır, yoxsa həqiqətən də onlara zərbənin endirilməsi yaxındır?

Mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ-nin hərbi təlimlər keçirməsi və qüvvələri regiona cəmləməsi İrana təzyiq göstərmək məqsədini daşıyır:

“Eyni zamanda ABŞ-nin hərbi təlimlər keçirməsi və qüvvələri regiona cəmləməsi və bununla bağlı siyasəti İranın ehtiyatlı olmasını təmin etmək və mümkün riskləri azaltmaq üçün mesaj rolunu da oynayır.

Əslində belə hərbi göstərişləri həm də danışıqlar prosesində ABŞ-nin mövqeyini gücləndirməyə xidmət etdiyini, qarşı tərəfə güc nümayiş etdirərək həm strateji üstünlük əldə etməyə, həm də regiondakı tərəfdaşlarını dəstəkləməyə imkan yaratdığını qeyd edə bilərəm.

Çünki ABŞ Yaxın Şərqdə hərbi zərbəni hər zaman son variant kimi masada saxlayır. Bunu yalnız digər bütün diplomatik və iqtisadi vasitələr nəticəsiz qaldıqda reallaşdırmağı planlaşdırır”.

Politoloq İranın açıq şəkildə istənilən hücumun onun üçün müharibə aktı hesab olunacağını bildirdiyini xatırladıb:

“İranın cavabı yalnız ABŞ-yə deyil, həm də onun regiondakı müttəfiqlərinə yönələ bilər.

Bu mövqe İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək hazırlıqlı qüvvələrinə, Suriyə və Livandakı müttəfiqlərinə əsaslanır, yəni cavab potensial olaraq geniş regional miqyas ala bilər.

Belə açıqlamalar həm ABŞ-ni, həm də İranı ehtiyatlı davranmağa məcbur edir, çünki hərbi eskalasiya yalnız iki tərəfi deyil, həm də bütün Yaxın Şərqdə sabitliyi riskə ata bilər”.

media-img-20260128-wa0042

Y.Hacıyeva onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət və regional dövlətlər də hər hansı bir hərbi əməliyyatın iqtisadi və siyasi nəticələrinə görə diqqətlə izləyir və tərəfləri danışıqlara və deeskalasiyaya çağırış edir:

“Baxmayaraq ki, İrana yönələcək hərbi hücum böyük regional müharibə riskini artırır. Bundan isə həm də regionda ABŞ-nin maraqları üçün ciddi siyasi və iqtisadi nəticələr doğacaq.

Lakin indiki mərhələdə bu addım bir neçə nüans üzərindən real ehtimal kimi görünür. Odur ki, sadəcə təzyiq və qorxutma vasitəsi kimi nəzərdə tutulmur”.

Müsahibimiz söhbətin birbaşa hərbi toqquşma ilə genişmiqyaslı hücumdan getmədiyini əlavə edib:

“ABŞ və ya müttəfiqləri simvolik və məhdud hədəflərə zərbə endirə bilər.

Bu halda ABŞ bazaları və əsas nəqliyyat marşrutları kimi İranın müttəfiq müdafiə səddi də risk altına düşəcək.

Belə ssenari isə Yaxın Şərqdə uzunmüddətli siyasi və iqtisadi sabitliyi ciddi şəkildə sarsıda bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər