media-inshot_20260423_145952987

İranda vətəndaşlar artıq 55-ci gündür ki, internetsiz yaşayır.

Patrul.az xəbər verir ki, bu barədə dünya üzrə internet kəsintilərini izləyən “NetBlocks” təşkilatı məlumat yayıb.

Bildirilib ki, qlobal internetə çıxışa qoyulan məhdudiyyətlər onlayn ticarəti, ödəniş sistemlərini və rəqəmsal iqtisadiyyatla əlaqəli sektorları iflic edib.

O cümlədən mövcud vəziyyət vətəndaşların gündəlik həyatına və ölkənin rəqəmsal iqtisadiyyatına ciddi zərbə vurmağa davam edir.

Hesablamalara görə, kəsintinin ölkə iqtisadiyyatına vurduğu gündəlik ziyan 35,7 milyon dollardan çoxdur, ümumi itki isə artıq 1,8 milyard dolları keçib.

Ümumlikdə ölkə üzrə qlobal internetə qoşulma səviyyəsi normalın cəmi 2%-i həddindədir.

Hazırda İranda internet üzərindən çalışan milyonlarla insanın dolanışığını təmin edən startapların, frilanserlərin və ev bizneslərinin böyük hissəsi iflas riski ilə üzləşib. Hakimiyyət orqanları yalnız “seçilmiş qruplar” üçün məhdud internet çıxışı təmin edir.

Xatırladaq ki, İranda ABŞ və İsrailin bölgədə başlatdığı hücumlar fonunda martın 29-dan etibarən internetdə kəsintilər başlayıb. Nəticədə İran internetsiz 37-ci günündə  tarixdə ən uzunmüddətli internet kəsintisinin yaşandığı ölkə kimi qeydə alınıb.

Bildirilib ki, Ukrayna və Qəzza kimi ərazilərdə müharibələrin vurduğu infrastruktur ziyanı internet bağlantısının uzunmüddətli azalmasına və istifadəçi sayının nəzərəçarpacaq dərəcədə düşməsinə səbəb olsa da, indiyədək heç bir müharibə bütün ölkə üzrə internetin tamamilə kəsilməsi ilə nəticələnməyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər