media-inshot_20260112_191421015

İranda etiraz aksiyalarının 15-ci günündə ölkə lideri Məsud Pezeşkian etirazlara qarşı təşkil olunan mitinqdə iştirak edib.

Patrul.az “Snn.ir” saytına istinadən xəbər verir ki, mitinq zamanı hakimiyyət baş verən etirazları xarici qüvvələrin təsiri ilə əlaqələndirməyə çalışıb.

Bu səbəbdən bəzi rəsmi mənbələrdə Məsud Pezeşkianın “sionist rejimin və Amerikanın terror aktlarına qarşı” təşkil edilən mitinqə qatıldığı qeyd olunub.

Qeyd edək ki, sözügedən aksiya İslam Respublikası tərəfindən etirazlara cavab olaraq keçirilib və dövlət qurumlarının dəstəyi ilə təşkil edilib.

Xatırladaq ki, Məsud Pezeşkian yanvarın 11-də xalqa müraciət edərək ölkədə artan iqtisadi şikayətlərin həll ediləcəyini, hökumətinin etirazçıları “dinləməyə hazır” olduğunu bildirib. O, eyni zamanda vətəndaşları “iğtişaşçıların” və “terrorçu elementlərin” xaos yaratmasının qarşısını almağa çağırıb.

Prezident etirazçılara administrasiyanın iclaslarında iştirak etməyi və narahatlıqlarını birbaşa bildirməyi təklif edərək deyib:

“Biz onların problemlərini bütün mümkün yanaşmalarla həll etmək qərarına gəlmişik. Buna görə də onlarla gündəlik danışıqlar aparırıq”.

İran lideri prezident administrasiyasının vəzifəsinin insanlarla dialoq qurmaq olduğunu vurğulayıb və etirazların haqlı olduğunu qeyd edib:

“Biz insanların etirazlarını haqlı hesab edirik. Heç vaxt haqlı narahatlıqlarını ifadə edənləri görməzdən gəlməyəcəyik”, – deyə o, əlavə edib.

O, həmçinin bildirib ki, 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı ölkəni xaosa sürükləyə bilməyən düşmən qüvvələr indi iqtisadi problemlərdən istifadə edərək vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.

Etirazları xalqın hüququ kimi dəyərləndirən Pezeşkian xəbərdarlıq edib ki, iğtişaşlar, ictimai mülklərə hücumlar, məscidlərin qəsdən yandırılması və Quranın təhqir edilməsi ABŞ və İsrail tərəfindən hazırlanan planların tərkib hissəsidir. O, bu rejimlərin dünyanın ən ağır cinayətlərini törətdiyini iddia edib.

Prezidentin sözlərinə görə, düşmən qüvvələr İran daxilində və xaricində bir sıra elementləri təlimatlandıraraq məscidlərə yanğınlar törətmək, bazarları yandırmaq və insanları qətlə yetirmək məqsədilə ölkəyə terrorçular yerləşdiriblər.

O, bu iğtişaşçıların silahlı hücumlar həyata keçirdiyini, bəzi şəxsləri qətlə yetirib, hətta yandırdıqlarını söyləyib:

“Əlbəttə ki, bu cinayətkarlar adi insanlar deyil və İran vətəndaşları deyillər”, – deyə Pezeşkian vurğulayıb.


Bənzər xəbərlər