"İranda etirazların kökündə xarici qüvvələr yox, daxili ədalətsizlik dayanır" - Politoloq
Məlumdur ki, İranda ölənlərin sayı 3 mini keçən etiraz aksiyaları baş tutub. Ölkədən etirazçıların öldürülməsi ilə bağlı dəhşətli görüntülər yayılır. İran hökuməti bu qırğınları törədənlərin ABŞ və İranın göndərdiyi terrorist qrupların etdiyini bildirir. Bəs bu ittiham nə dərəcədə doğrudur? ABŞ Prezidenti Donald Tramp hansı məqsədlə ölkədəki etirazçılara dəstək xarakterli mesajla göndərir?
Politoloq Rəşad Bayramov mövzu ilə bağlı Patrul.az-a fikirlərini bölüşüb.
Onun sözlərinə görə, İranda baş verən son etiraz aksiyaları ölkədə sosial və siyasi gərginliyin nə qədər yüksək olduğunu göstərir:
“Ölənlərin sayı da olduqca çoxdur. Rəsmi məlumatlarda bu say 3 min civarında göstərilsə də, əsl göstəricinin bundan qat-qat çox olduğu ortadadır. Bu da etirazçılara qarşı zorakılığın miqyasını təsəvvür etməyə imkan verir. İran hökumətinin bu qərarının arxasında ABŞ və xaricdən göndərilən terrorçu qrupların dayandığını iddia etməsi isə məsuliyyəti başqalarının üzərinə yıxmaqdan başqa bir şey deyil.
Başqa sözlə desək rəsmi Tehranın arqumentləri əslində uzun illərdir istifadə olunan siyasi strategiyanın bir hissəsidir. Yəni, daxili narazılığı və sosial problemləri xarici təsirə bağlamaq, etirazları “agentlərin işi” kimi təqdim etmək strategiyadır. Əslində isə bütün faktlar göstərir ki, aksiyaların əsas səbəbləri sosial ədalətsizlikdən, iqtisadi çətinliklərdən, yəni daxili problemlərdən qaynaqlanır. Əgər İranın mövcud hakimiyyəti bu problemləri vaxtında aradan qaldıra bilsəydi, o zaman xaricdən müəyyən müdaxilə də hər hansı bir nəticə verməzdi”.

R.Bayramov qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu etirazlar fonunda etirazçılara dəstək xarakterli mesajlar göndərməsi isə başa düşüləndir:
“Bu mesajların məqsədi etirazçılara mənəvi dəstək vermək və onlara tək olmadıqlarını aşılamağa hesablanıb. Xalqla hakimiyyət arasında uçurumu dərinləşdirmək və müdaxilə halında xalqın hakimiyyətin ətrafında birləşməməsi üçün bu cür mesajlar təsiredici rol oynayır. Bu addımlar vasitəsilə ABŞ Tehranın davranışını beynəlxalq platformada tənqid edərək İran rejiminin beynəlxalq təcridini artırır.
Şübhəsiz ki, Trampın mesajları həm də ABŞ daxilindəki seçicilərə yönəlib. Tramp xarici siyasətdə insan haqlarını müdafiə etdiyini və regiondakı totalitar rejimlərin zorakılıq tətbiqinə qarşı çıxdığının görüntüsünü yaratmağa çalışır. Hələ ki, Trampın dəstəyi fiziki müdaxilə və ya hərbi yardım anlamına gəlmir və əsasən diplomatik və simvolik təzyiq xarakteri daşıyır. Lakin bu ümumiyyətlə hərbi müdaxilənin olmayacağı anlamına da gəlməməlidir. Belə bir ehtimal hər zaman var”.
“Beləliklə, bu vəziyyətdə həm İran hökumətinin, həm də ABŞ Prezidentinin mövqeləri siyasi strategiya və kommunikasiya vasitəsi kimi qiymətləndirilə bilər. İran rejimi daxili etirazları öz təqsirindən yayındırmaq üçün xarici düşmən obrazından istifadə edir, Tramp isə etirazçılara mənəvi dəstək verərək strateji mesaj ötürür”,– deyə o əlavə edib.
Ləman Sərraf






