İranda "İsa Məsih" olduğunu iddia edən şəxs və müəmmalı təriqət üzvləri saxlanıldı - Quranı yandırıb, İsrailə dua oxuyurlarmış
İranın Yəzd əyalətində özünü əvvəlcə “Allahın seçilmiş bəndəsi”, daha sonra isə “İsa Məsih” kimi təqdim edən qrup rəhbəri və onun rəhbərlik etdiyi təriqətin üzvləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Patrul.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Yəzd əyalətinin prokuroru Mehdi Həsənpur məlumat yayıb.
Prokurorun açıqlamasına görə, əməliyyat nəticəsində qrupun üç əsas üzvü, o cümlədən özünü “Məsih” elan edən lider həbs edilib.
İstintaq materiallarında iddia olunur ki, qrup rəhbəri tərəfdarlarını manipulyasiya etmək üçün dini inanclardan sui-istifadə edib.
Saxlanılan şəxslərə qarşı “ev kilsəsi” təşkil etmək, xristianlığın təbliği, xurafat yaymaq və qeyri-adi asketik (zahidlik) təcrübələrin tətbiqi ilə bağlı rəsmi ittihamlar irəli sürülüb.
İran prokurorluğu həmin şəxsin “sionist xristianlıq” pərdəsi altında təbliğat apardığını və tərəfdarlarını şəxsi məqsədləri üçün istismar etdiyini vurğulayıb.
Bundan əlavə, təriqət üzvləri Müqəddəs Quranı yandırmaqda, İslam din xadimlərini və müqəddəs məkanları təhqir etməkdə günahlandırılırlar. İttihamnamədə həmçinin qeyd olunur ki, qrup üzvləri İsrailin İran üzərində qələbəsi üçün kollektiv dualar edib və xaricdə fəaliyyət göstərən xristian missioner təşkilatları ilə sıx əlaqədə olublar.
Məlumata görə, şübhəlilər təbliğat işlərini həm birbaşa təmaslar, həm də sosial media platformaları vasitəsilə həyata keçirərək, öz ailə üzvlərini və yaxın ətraflarını bu hərəkata cəlb ediblər.
Xatırladaq ki, İran qanunvericiliyinə əsasən, rəsmi din olan İslamdan imtina edərək başqa dinə keçmək və bu istiqamətdə təbliğat aparmaq ciddi hüquqi məsuliyyət yaradır və uzunmüddətli həbs cəzaları ilə nəticələnə bilər.






