media-inshot_20251230_145920327

İranda milli valyutanın ABŞ dolları qarşısında rekord səviyyədə dəyər itirməsi ölkədə ciddi sosial-iqtisadi gərginliyə səbəb olub.

Patrul.az İran mediasına istinadən xəbər verir ki, paytaxt Tehran şəhərində ticarət demək olar ki, dayanma həddinə çatıb, bir çox dükan sahibi mağazalarını bağlamağa məcbur qalıb. Baş verən proseslər etiraz aksiyalarının geniş vüsət almasına yol açıb.

Valyuta məzənnəsindəki kəskin artım gündəlik həyata birbaşa təsir göstərərək bazarlarda alqı-satqını iflic vəziyyətinə salıb.

Məlumata görə, Tehranın bir sıra ticarət məkanlarında dükanların böyük əksəriyyəti fəaliyyətini dayandırıb. Sahibkarlar qiymətlərin sürətlə dəyişməsi səbəbindən satış həyata keçirə bilmədiklərini bildiriblər.

İqtisadi vəziyyətdən narazı olan vətəndaşlar küçələrə çıxaraq etiraz aksiyaları keçiriblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə nümayişçilərin hökumətə və mövcud rejimə qarşı sərt şüarlar səsləndirdiyi əks olunur. Bildirilir ki, etirazlar qısa müddət ərzində geniş ərazilərə yayılıb.

Məsələ ilə bağlı İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkə hesabında açıqlama yayıb. O, ölkədə yaranmış iqtisadi vəziyyətin vətəndaşlar üçün əsas narahatlıq mənbəyi olduğunu vurğulayaraq, Daxili İşlər Nazirinə etirazçıların nümayəndələri ilə birbaşa dialoqun qurulması barədə göstəriş verdiyini bildirib. Prezident nümayişçilərin səsləndirdiyi tələblərin dinlənilməsinin vacibliyini qeyd edərək, hökumətin problemlərin həlli istiqamətində konkret addımlar atacağını açıqlayıb.

Pezeşkian həmçinin vurğulayıb ki, yalnız müvəqqəti tədbirlərlə kifayətlənmək yetərli deyil və struktur islahatları da gündəmdədir. Onun sözlərinə görə, bank sisteminin sağlamlaşdırılması, iqtisadi sabitliyin təmin edilməsi və əhalinin alıcılıq qabiliyyətinin qorunması üçün zəruri tədbirlər görüləcək.


Bənzər xəbərlər