"İrandan gələnlərin axını kirayə qiymətlərini artıra bilər" - İqtisadçı
İran-İsrail müharibəsi səbəbindən İran ərazisində yaşayan xarici vətəndaşlar təhlükəsizlik məqsədilə ən yaxın qonşu ölkə kimi Azərbaycana axın edir. Bu miqrasiya dalğası ölkədə iqtisadi fəaliyyətin müxtəlif sahələrinə təsir göstərə bilər.
Maraqlıdır, hazırkı müharibə fonunda İrandan Azərbaycana gələn xarici vətəndaşların yerli iqtisadi aktivliyə təsirləri nələr ola bilər?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı müharibə fonunda İranda yaşayan xarici vətəndaşların Azərbaycana qısamüddətli və uzunmüddətli axını yerli iqtisadiyyatda canlanma və valyuta axınının artmasına səbəb ola bilər:
“Hazırkı müharibə fonunda İranda yaşayan xarici vətəndaşların Azərbaycana axını qısamüddətli dövrdə yerli iqtisadi aktivliyi artıra bilər. Ölkəyə gələn şəxslər yaşayış, qida, nəqliyyat və digər gündəlik xidmətlərə tələbat yaradır ki, bu da xüsusilə turizm, kirayə bazarı, otel, ictimai iaşə və pərakəndə ticarət sektorunda canlanma ilə nəticələnə bilər. Qısa müddətdə hotellərdə doluluq səviyyəsi arta, mənzil kirayə qiymətlərində yüksəliş müşahidə oluna bilər.
Əgər gələnlərin bir hissəsi daha uzun müddət qalarsa, bu, xidmət sektorunda əlavə iş yerlərinin yaranmasına və dövriyyənin artmasına səbəb ola bilər. Eyni zamanda, ölkəyə daxil olan vəsaitlər valyuta axınını gücləndirə və daxili bazarda likvidliyi artıra bilər”.

İqtisadçı qeyd edir ki, miqrasiya axınının təsiri miqyasından və müddətindən asılı olaraq həm iqtisadi imkanlar, həm də sosial çağırışlar yarada bilər:
“Digər tərəfdən, axın kütləvi və uzunmüddətli olarsa, kirayə bazarında qiymət artımı yerli əhali üçün əlavə yük yarada bilər. İnfrastruktur, səhiyyə və sosial xidmətlər üzərində təzyiq də arta bilər. Əmək bazarında isə həm rəqabət güclənə, həm də müəyyən sahələrdə bacarıqlı kadr axını iqtisadiyyata müsbət töhfə verə bilər.
Yəni təsir miqrasiya axınının miqyasından və müddətindən asılıdır. Qısamüddətli və məhdud axın daha çox xidmət sektorunda aktivlik yaradırsa, uzunmüddətli və genişmiqyaslı axın həm imkanlar, həm də əlavə iqtisadi və sosial çağırışlar formalaşdıra bilər”.
Cəmilə Cəfərzadə






