İranın hücum kadrları ilə verdiyi mesaj nədir? – Əziz Əlibəylidən ANALİZ
İran hökuməti ilk dəfə olaraq İsrailə hücumu ilə bağlı rəsmi mediada kadrlar yayımlayıb. Maraqlıdır ki, İranın bu görüntüləri ictimaiyyətə təqdim etməsi təbliğat məqsədi daşıyır, yoxsa bölgədə artan gərginliklərə əsaslanaraq, güc göstərişi kimi qiymətləndirilməlidir? Politoloq Əziz Əlibəyli Patrulaz.az-a açıqlamasında rəsmi Tehranın hücum görüntüləri ilə vermək istədiyi əsas mesajı izah etdi:
“İranın bilavasitə məqsədi qorxu yaratmaqdır. Bu qorxu təkcə İsrailə deyil, eyni zamanda ABŞ-ə ünvanlanmış bir mesaj xarakteri daşıyır. Bu mesaj elə bir vaxtda verilir ki, hazırda Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçirilir. Həmin görüntüləri dəstəkləyən başqa açıqlamalar da mövcuddur. Belə ki, İranın ali dini rəhbərlərindən biri bildirib ki, ABŞ ilə heç bir halda sülh danışıqları aparmaq lazım deyil və onlarla danışıqların yeganə yolu müharibədir. Yəni İran bu cür ritorikanı bu vasitələrlə davam etdirir”.
Xatırladaq ki, Fələstinə məxsus HƏMAS təşkilatı və Livanda fəaliyyət göstərən şiə silahlı qruplaşması olan Hizbullah da vaxtilə İran kimi bu cür görüntülərlə siyasi mesajlar verməyə çalışmışdı. Lakin İran kimi bir dövlətin bu görüntüləri rəsmi şəkildə yayması daha yüksək səviyyəli siyasi mesajdır.
Gülbəniz Səfərova