media-bibi_1201_autoorient_w

İsrailin Baş naziri Benyamin Netanyahu səhhəti ilə bağlı yayılan iddialara məhkəmə zalında aydınlıq gətirib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət başçısı onun ağır xəstəliyə tutulduğunu iddia edən jurnalistlər Uri Misgav, Ben Caspit və fəal Gonen Ben Yitzhak əleyhinə qaldırdığı böhtan iddiası üzrə keçirilən dinləmədə ifadə verib.

Məhkəmədə çıxış edən Netanyahu fiziki durumunun normal, hətta bəzi tibbi göstəricilərə görə yüksək səviyyədə olduğunu bildirib. O, mədəaltı vəzi xərçəngindən əziyyət çəkməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Səhhətim normaldır, hətta bəzilərinin fikrincə, əladır. Aprelin 24-də də ictimaiyyətə rəsmən açıqlandığı kimi, məndə mədəaltı vəzi xərçəngi olmayıb. Əgər belə olsaydı, bu gün burada qarşınızda olmazdım. Onlar qəsdən məni ictimaiyyətin diqqətini və enerjisini itirmiş, sınmış bir adam kimi təqdim etməyə çalışırlar. Bu böhtanı ifşa etmək üçün buradayam”.

Baş nazirin səhhəti ətrafında yaranan müzakirələr fonunda keçirilən məhkəmə prosesi son həftələrdə yeni mərhələyə keçib. Netanyahunun aprel ayında yayımlanan illik tibbi hesabatında onun ötən ilin sonlarında erkən mərhələdə prostat xərçəngindən müalicə aldığı və xəstəliyə qalib gəldiyi bildirilib.

Netanyahu ifadəsi zamanı xəstəliyin gedişatı barədə ilk dəfə ətraflı məlumat verib. Onun sözlərinə görə, 2024-cü ilin dekabrında keçirdiyi xoşxassəli prostat əməliyyatından sonra, 2025-ci ilin sonlarında aparılan müayinələr zamanı bədxassəli şişin ilkin əlamətləri aşkarlanıb.

Həkimlərin müdaxiləsi ilə 2026-cı ilin yanvar və fevral aylarında keçirilən beş seanslıq şüa terapiyası nəticəsində şiş tamamilə məhv edilib və orqanizmdə xərçəng izi qalmayıb.

İşə sədrlik edən hakim Menachem Mizrahi tərəflərin vəsatətlərini nəzərdən keçirərək Netanyahudan diaqnozun ilk dəfə qoyulduğu tarixi təsdiqləyən möhürlü tibbi dosyenin məhkəməyə təqdim edilməsini istəyib.

Cavabdeh tərəf olan jurnalistlər isə Baş nazirin xəstəliyi uzun müddət ictimaiyyətdən gizlətdiyini iddia edərək, dövlət rəhbərlərinin sağlamlıq vəziyyətinin araşdırılmasının jurnalist fəaliyyətinin tərkib hissəsi olduğunu bildiriblər.

Netanyahu isə hesabatın iki ay gecikdirilməsini regional təhlükəsizlik amilləri və İran tərəfindən İsrailə qarşı aparılan təbliğatın qarşısını almaq istəyi ilə əlaqələndirib.

Baş nazir təxminən yarım saat davam edən ifadəsindən sonra dövlət tədbirində iştirak etmək üçün məhkəmə zalını tərk edib. Dinləmələrin növbəti tarixdə davam etdirilməsi qərara alınıb.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu böhtan iddiasını 2024-cü ilin iyun ayında Ramla şəhərindəki Magistrat Məhkəməsinə təqdim edib. Vəkil Uriel Nəzri vasitəsilə qaldırılan iddiada, jurnalistlər Ben Caspit, Ori Misgav və fəal Qonen Ben Yitzhakın “baş nazirin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi və vəzifəsini icra etməyə yararsız olduğu” barədə yalan məlumat yaydıqları bildirilir. Netanyahu onun sağlamlığına zərər vuran bu iddialara görə cavabdehlərdən ümumilikdə 500.000 şekel (təxminən 135.000 dollar) təzminat tələb edir.


Bənzər xəbərlər