“İsrail HƏMAS-dan Amerikanın atəşkəs rejiminin uzadılması planı ilə razılaşmasını tələb edir” - ŞƏRH
“İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının birinci mərhələsi keçən şənbə günü başa çatıb. Lakin növbəti mərhələ ilə bağlı danışıqlar tərəflər arasında fikir ayrılığına görə baş tutmayıb. Bunun ardınca Donald Trampın nümayəndəsi Stiv Uitkoff tərəfindən müvəqqəti atəşkəsin uzadılması ilə bağlı təklif oldu və İsrail Həmas qruplaşması ilə müvəqqəti atəşkəsi daha altı həftə müddətinə uzatmaq haqqında qərar qəbul edib. S.Uitkoffun təklif etdiyi plana görə atəşkəsin martın sonunda başa çatan Ramazan və aprelin 19-da başa çatan Pasxa bayramlarına qədər uzadılması nəzərdə tutulur”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, təklif HƏMAS tərəfindən qəbul edilməyib: “Ona görə də İsrail hakimiyyəti HƏMAS-dan Amerikanın atəşkəs rejiminin uzadılması planı ilə razılaşmasını tələb edərək, Qəzza zolağına bütün humanitar yardımların daxil olmasını əngəlləyib.
HƏMAS isə öz növbəsində Qəzzaya tədarükün qarşısının alınmasını “ucuz şantaj” adlandıraraq vasitəçiləri müdaxilə etməyə çağırıb. HƏMAS bildirir ki, razılaşmanın ikinci mərhələsi ilkin razılaşmalara uyğun olaraq, yəni girovların və fələstinli əsirlərin azad edilməsi və İsrail qoşunlarının Qəzzadan çıxarılması ilə davam edə bilər. HƏMAS hesab edir ki, Amerika, Qətər və Misir vasitəçiləri müqavilənin şərtlərinin yerinə yetiriləcəyinə dair zəmanət verməlidirlər. Əgər belə biz zəmanət olmayacaqsa o zaman hər hansı bir razılşama olmayacaq.
Razılşamanın ilkin mərhələsi ilə bağlı onu deyim ki, tərəflər hər nə qədər əldə olunan razılşamaya görə öhdəliklərin tam yerinə yetirilməməsində bir-birini günahlandırsalar da bu razılşama faktiki olaraq 15 aylıq müharibəyə son qoydu və 33 israilli girovun və 1900-ə yaxın fələstinlinin azad edilməsinə səbəb oldu.
Bununla belə, sağ qalan bütün girovların azad edilməsini və İsrail qoşunlarının Qəzzadan çıxarılmasını da əhatə etməli olan atəşkəsin növbəti mərhələsi üzrə danışıqlarda hələ ki, bir irəliləyiş yoxdur.
ABŞ-ın Qəzza zolağına nəzarəti öz üzrəinə götürmək istəməsi, insanların köçürülməsinin vacibliyi ilə bağlı mövqeyi isə vəziyyəti daha da gərginləşdirib. Bundan sonra nə baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da beynəlxalq birliyin müharibənin yenidən başlamasının qarşısını almaq üçün hərəkətə keçməsi vacibdir. İndiyə qədər 1200-ə yaxın israillinin və İsrail ordusunun Qəzzada həyata keçirdiyi cavab əməliyyatı nəticəsində 48 mindən artıq fələstinlinin ölümünə səbəb olmuş müharibənin yenidən başlamasına imkan vermək olmaz”.






