media-inshot_20260408_162107585

Türkiyədə yerləşən İsrail konsulluğu qarşısında terror aktı törədənlərlə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Patrul.az xəbər verir ki, aparılan istintaq tədbirləri çərçivəsində yaralı halda saxlanılan terrorçular – Onur Ç., Enes Aç və hadisə zamanı zərərsizləşdirilən Yunus E.S.-nin hadisəni törətməzdən bir neçə gün əvvəl kəşfiyyat apardıqları, İzmirdən icarəyə götürülmüş avtomobillə İstanbula gəldikləri müəyyən edilib.

Hücum zamanı polis qüvvələri tərəfindən zərərsizləşdirilən Yunus Ç.-nin İŞİD-ə üzvlüyünə görə 2021-ci ildə aktivlərinin 3 il müddətinə dondurulduğu, 2018-ci ildə Adanada baş verən qətl hadisəsində iştirak etdiyi, həmçinin eyni ildə məişət zorakılığı və qətl ittihamı ilə 3 il həbs cəzası aldığı məlum olub.

Terrorçulardan digəri Onur Ç.-nin həyat yoldaşı ifadəsində ərinin hücum planından xəbərdar olduğunu və bu addımı atmaması üçün ona çağırışlar etdiyini bildirib.

Bundan başqa, genişlənən istintaq nəticəsində saxlanılanların sayı 11-ə çatıb. Onlardan 5 nəfəri İstanbul, Kocaeli və Konya şəhərlərində keçirilən əməliyyatlar zamanı saxlanılıb. Davam edən araşdırmalar çərçivəsində daha bir şübhəli nəzarətə götürülüb.

Xatırladaq ki, dünən Türkiyənin İstanbul şəhərində yerləşən İsrail konsulluğu qarşısında polis qüvvələri ilə üç terrorçu arasında atışma baş verib. Hadisə zamanı terrorçulardan biri zərərsizləşdirilib, digər ikisi yaralı halda saxlanılıb. Qarşı tərəfdən isə müqavimət göstərən 2 polis əməkdaşı yaralanıb.

Məlumat üçün bildirək ki, sözügedən konsulluq 2 ildən çoxdur fəaliyyət göstərmir.

Hazırda İstanbul Baş Prokurorluğu tərəfindən genişmiqyaslı istintaq davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər