İsrail son 72 saat ərzində altı ölkəyə hücum edib - XƏRİTƏLƏR
İsrail 72 saat ərzində 6 ölkəyə zərbələr endirib.
Patrulaz.az “Əl Cəzirə”yə istinadən xəbər verir ki, İsrail son 72 saat ərzində Fələstin, Livan, Suriya, Tunis, Qətər və Yəməni hədəfə alıb.
İsrailin ən böyük hücumu Qətərin paytaxtı Dohaya olub. Sentyabrın 9-da Qətərin paytaxtı Dohada ABŞ-nin təşəbbüsü ilə Qəzza zolağında atəşkəsin müzakirə olunduğu vaxt HƏMAS rəhbərliyinə məxsus iqamətgaha hava zərbəsi endirilib. Nəticədə təşkilatın yüksək rütbəli lideri Xəlil əl-Həyyanın oğlu, onun ofisinin direktoru, üç mühafizəçi və bir Qətər təhlükəsizlik əməkdaşı həlak olub.
Sentyabrın 8-dən Qəzzaya edilən hücumlarda isə azı 150 nəfərin öldüyü, 540-dan çox insanın yaralandığı bildirilir. Təkcə bazar ertəsi günü 67 nəfər həlak olub, 320 nəfər yaralanıb. Çərşənbə axşamı isə 83 nəfərin ölümü, 223 nəfərin yaralanması qeydə alınıb. Ölənlər arasında uşaqlar da var.
Eyni vaxtda İsrail Livanın cənubuna hücum edib, nəticədə 5 nəfər həyatını itirib. Hava zərbələri həmçinin Suriyanın Homs şəhərindəki hərbi hava qüvvələri bazasına və Latakiya yaxınlığındakı kazarmalara yönəlib.
Digər tərəfdən, bazar ertəsi gecəsi Tunisin Sidi Bou Səid limanına daxil olan Qlobal Sumud Flotilliyasının əsas gəmisi “Ailə Boat” İsrailə məxsus olduğu iddia edilən pilotsuz uçan aparat tərəfindən vurulub. Nəticədə gəmidə yanğın baş versə də, ekipaj və fəallar xəsarət almayıb.
Çərşənbə günü İsrail isə Yəmənin paytaxtı Sənada husilərin mövqelərinə zərbələr endirib. Hədəf Səna hava limanı olub. Bu, son bir ayda limana ikinci hücumdur.
Beləliklə, İsrail cəmi üç gün ərzində bölgənin altı ölkəsini eyni vaxtda hədəfə alaraq, regionda gərginliyi daha da artırıb.







