"Balım hara çatırsa..." yanaşmasından uzaq durun" - TİHA sədrindən ixtisas seçimi edənlərə ÇAĞIRIŞ
Qəbul imtahanları hələ tam yekunlaşmasa da, artıq bəzi təhsil müəssisələrinin və kursların abituriyentləri ixtisas seçiminə tələsdirdiyi müşahidə olunur. Hətta bəzi hallarda yerlərin “doldurulduğu” iddia edilərək seçim prosesinə indidən başlamağa çağırışlar edilir. Bu isə abituriyentlər və valideynlər arasında müəyyən çaşqınlıq yaradır.
Bəs belə bir vəziyyətdə tələsmək nə dərəcədə doğrudur? İxtisas seçimi zamanı hansı məqamlar mütləq nəzərə alınmalıdır?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, ixtisas seçimi təkcə bala görə yox, gəncin marağı, bacarığı və gələcək əmək bazarına uyğunluğu nəzərə alınaraq edilməlidir:
“İxtisas seçimi sadəcə bir neçə kodu vərəqə yazmaq deyil, əslində növbəti onilliklərin həyat xəritəsini cızmaqdır. Təəssüf ki, imtahanlar hələ tam yekunlaşmadan bu prosesin gündəmə gəlməsi bəzən abituriyentlərdə təşviş yaradır, amma məsələyə soyuqqanlı yanaşmaq lazımdır. Əsas məqam odur ki, gənclər “balım hara çatırsa, oraya da gedim” düşüncəsindən uzaq durmalıdırlar. Bu günün əmək bazarı artıq diplomun adına deyil, o diplomun arxasındakı bacarığa və həmin sahəyə olan ciddiyyətə baxır. Valideynlərin arzularını və ya qonşunun məsləhətini deyil, öz daxili potensialını tərəziyə qoymaq ən doğru addımdır”.

Ə.Həsənli qeyd edir ki, ixtisas seçimi zamanı gələcəyin peşələri, texnologiyanın inkişafı, praktiki imkanlar və şəxsi maraqlar nəzərə alınaraq uzunmüddətli perspektiv düşünülməlidir:
“Seçim edərkən mütləq gələcəyin peşələrini və texnologiyanın gətirdiyi yenilikləri nəzərə almaq şərtdir. İndi elə bir dövrdəyik ki, bəzi ixtisaslar dörd il sonra məzun olanda aktuallığını itirə bilər. Ona görə də universal bacarıqlar qazandıran, fərqli sahələrlə inteqrasiya oluna bilən ixtisaslara üstünlük vermək daha məntiqlidir. Abituriyentlər universitetin nüfuzundan daha çox, həmin təhsil ocağının onlara hansı praktiki imkanları və beynəlxalq əlaqələri təklif edəcəyini araşdırmalıdırlar. Unutmaq olmaz ki, səhv seçilmiş ixtisas itirilmiş dörd il deməkdir, amma sevilərək seçilən peşə ömür boyu davam edən bir uğur hekayəsinin başlanğıcıdır. Ona görə də tələsmədən, dərindən analiz edərək, həm ürəyin, həm də dövrün tələbinin kəsişdiyi nöqtəni tapmaq lazımdır”.
Mütəxəssisin sözlərinə görə, ixtisas seçimi zamanı rəqəmsal dövrün tələbləri, qlobal imkanlar və gələcəkdə sahənin dəyişmə potensialı nəzərə alınaraq, maraqla bazar ehtiyacının kəsişdiyi nöqtəyə əsasən qərar verilməlidir:
“Həmçinin, rəqəmsal dünyanın gətirdiyi yeni reallıqları gözardı etmək olmaz; artıq ixtisas seçərkən təkcə yerli bazarı deyil, qlobal imkanları da düşünmək lazımdır. Gənclər seçdikləri sahənin süni intellekt və avtomatlaşdırma dövründə necə transformasiya olunacağını indidən təhlil etməli, çevik vərdişlərə sahib olmağa fokuslanmalıdırlar. Nəticədə, ən düzgün seçim – insanın həm istedadını nümayiş etdirə bildiyi, həm də cəmiyyətin ehtiyac duyduğu o orta nöqtəni tapmaqdır. Bu məsuliyyətli dövrdə duyğularla deyil, məntiqlə və gələcəyin mənzərəsinə baxaraq qərar vermək hər bir gənci uğura bir addım daha yaxınlaşdıracaq”.
Cəmilə Cəfərzadə






