media-inshot_20250728_153747249

“İxtisas seçimi mərhələsi Azərbaycanın təhsil sistemində hələ də planlaşdırılmış karyera yönümlü idarəetmə modelinə çevrilməyib. Bu mərhələ illərdir yalnız keçid balları ilə yönləndirilən mexaniki bir seçim formasında qalır. Ən ciddi problemlərdən biri budur ki, abituriyentlərin əksəriyyəti ixtisasları seçərkən əmək bazarını, universitetdə verilən təhsilin keyfiyyətini, beynəlxalq səviyyədə həmin sahənin perspektivlərini və hətta şəxsi bacarıq və maraqlarını nəzərə almır. Bunun səbəbi isə sistemli marifləndirmə və karyera planlaması üzrə dövlət səviyyəsində heç bir fəaliyyətin olmamasıdır”.

Bu fikirləri ixtisas seçimində diqqət edilməli məqamlar haqqında Patrulaz.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib.

Statistik rəqəmlərdən söz açan ekspert xatırladıb ki, 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlara əsasən, I ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 173 abituriyent aqrar, su təsərrüfatı və ekologiya üzrə çox aşağı perspektivli və əmək bazarında tələbatı az olan ixtisaslara yönləndirilib:

“Bu isə onu göstərir ki, bal yüksək olsa da, seçim şüurlu deyil, bəlkə də emosional və ya yanlış məsləhətlərlə yönləndirilib. Təəssüf ki, bu hallar hər il təkrar olunur.

Qanunvericilikdə bu sahəyə dair açıq bir mexanizm nəzərdə tutulmayıb. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.1-ci maddəsində göstərilir ki, dövlət təhsil siyasətinin əsas prinsiplərindən biri təhsilin hər bir vətəndaş üçün əlçatanlığıdır. Amma bu əlçatanlıq yalnız fiziki və ya maliyyə əlçatanlığı kimi yox, həm də informasiya əlçatanlığı kimi qiymətləndirilməlidir. Məhz bu nöqtədə Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tam fəaliyyətsizdir. Heç bir rəsmi resursda abituriyentin hansı ixtisası necə və nə üçün seçməli olduğu barədə interaktiv platforma, statistik proqnoz və ya vizual izah yoxdur. Və bu boşluqdan sui-istifadə edən yüzlərlə təcrübəsiz “məsləhətçi” abituriyentləri öz maraqlarına uyğun yönləndirir”.

Kamran Əsədovun sözlərinə görə, digər ciddi məqam isə keçid ballarına olan süni etimaddır:

“Keçid balları dəyişkəndir və hər il dəyişir. Keçid balı tələbə sayı, plan yerləri və ümumi nəticələrə görə formalaşdığı halda, abituriyentlər və onların valideynləri keçən ilin balını sabit həqiqət kimi qəbul edir. Bu da nəticədə ya yüksək ballı abituriyentin ödənişli ixtisasa düşməsi, ya da aşağı ballı abituriyentin boş yerə ümid bəsləməsi ilə nəticələnir. Bu mexanizmin elmi izahı, proqnozlaşdırılması, ictimai təqdimatı isə heç bir rəsmi qurum tərəfindən hazırlanmayıb.

Müsbət nümunələrə nəzər salsaq, Finlandiyada, Almaniyada və Niderlandda ixtisas seçimi məktəb dövründən planlaşdırılır. Məsələn, Almaniyada şagirdlər 9-cu sinifdən sonra fərqli təhsil yollarına yönləndirilir: akademik, peşə yönümlü və ya texniki istiqamətlər üzrə. Hər bir istiqamət üzrə karyera məsləhətçiləri və dövlətin təyin etdiyi ekspert qrupları şagird və ailələrlə işləyir, psixoloji, intellektual və maraq testləri aparılır. Bu yanaşma sistemli şəkildə abituriyentin səhv qərar verməsinin qarşısını alır və ölkə resurslarının səmərəli istifadəsini təmin edir.

Azərbaycanda isə bu sahədə plan yoxdur. Elm və Təhsil Nazirliyi illərdir bu istiqamətdə nə regional mərkəzlər açır, nə də yerli təhsil idarələri ilə birgə fəaliyyət qurur. Nazirlik yalnız statistik hesabatlar təqdim edir, ancaq bu hesabatların əsasında heç bir konseptual dəyişiklik həyata keçirilmir. Təsəvvür edin ki, hər il on minlərlə abituriyent ixtisas seçimi edir, amma bu prosesi tənzimləyən metodik və pedaqoji sənəd yoxdur. Bu isə həm insan resurslarının, həm də dövlətin təhsil büdcəsinin yanlış yönləndirilməsinə səbəb olur”.

O qeyd edib ki, abituriyentin seçdiyi ixtisas nəinki onun gələcəyini, həm də dövlətin inkişaf vektorunu müəyyənləşdirir:

“Əgər yüksək ballı abituriyentlər zəif və əmək bazarında tələbat olmayan ixtisaslara yönləndirilirsə, bu, təkcə fərdi deyil, strateji problemdir. Gələcəkdə həmin insanlar ya işsiz qalacaq, ya da tamam başqa sahədə fəaliyyət göstərəcək. Bu isə illərlə verilmiş təhsil xərclərinin boşa getməsi deməkdir. Hazırda ölkədə minlərlə diplomlu işsiz bu səbəblə əmək bazarına çıxış edə bilmir.

Nə dəyişəcək sualının cavabı isə aydındır: əgər ixtisas seçimi mexanizmi sistemli şəkildə transformasiya olunmasa, problem daha da dərinləşəcək. Yeni nəsil abituriyentlər üçün interaktiv karyera platforması yaradılmalı, məktəblərdə karyera psixoloqları və təlimçilər fəaliyyət göstərməli, valideynlər və abituriyentlər üçün ixtisaslar haqqında vizual məlumat bazası (video təqdimatlar, real məzunların təcrübələri) hazırlanmalıdır. Eyni zamanda ixtisaslar üzrə orta əmək haqqı, işə qəbul şansı, ölkədaxili və beynəlxalq mobil imkanlar təqdim edilməlidir.

Nə dəyişməlidir deyə baxdıqda, ilk olaraq bu prosesdə məsuliyyət daşıyan rəsmi qurumlar – Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil İnstitutu – hər il ixtisas seçimi öncəsi məlumatlandırma kampaniyaları həyata keçirməli, məktəblərdə ixtisas seçimi ilə bağlı seminarlar təşkil etməlidir. Hər rayon üzrə rəsmi karyera məsləhətçiləri təyin edilməlidir”.

“Təəssüf ki, bu gün vəziyyət ürəkaçan deyil. Nazirliyin nə strateji planı, nə də uzunmüddətli proqnozu var. Abituriyentlər isə hələ də sosial şəbəkələrdə “keçən il hansı balla hara düşmək olar?” sualına cavab axtarır. Və bu halda təhsil sisteminin planlı inkişafından danışmaq mümkün deyil. Təhsil yalnız məktəbdə dərs demək deyil. Təhsil – yön verməkdir, istiqamət göstərməkdir. Biz isə bu istiqaməti hələ də müəyyən edə bilmirik. Bu isə təkcə bir abituriyentin yox, bütöv bir cəmiyyətin gələcəyinin risk altına düşməsi deməkdir”,- deyə ekspert əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər