Kameradan yayınmaq istədi, qanundan yayına bilmədi - VİDEO
Patrul.az redaksiyasına videogörüntü göndərərək şikayət ünvanlayan izləyicimizin bildirdiyinə görə, 20.06.2026-cı il tarixində 20 Yanvar metrostansiyasının yuxarı hissəsində, Velotrekin qarşısında 77-ED-238 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini təhlükəsizlik kameralarının dövlət qeydiyyat nişanını qeydə almaması məqsədilə şaquli vəziyyətdə saxlayıb.
Videogörüntüdən aydın şəkildə görünür ki, sürücü avtomobili avtobus zolağında saxlayaraq həmin zolaq üzrə hərəkəti tam məhdudlaşdırıb. Bu səbəbdən avtobus sürücüləri və sərnişinlər narazılıqlarını ifadə edərək sürücüyə etiraz etsələr də, o, iradlara məhəl qoymayıb.
Nəticədə ictimai nəqliyyatın hərəkətində çətinlik yaranıb, sərnişinlər isə əlavə vaxt itkisi ilə üzləşiblər.
Məsələ ilə bağlı Patrul.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, videogörüntü araşdırılıb və qanun pozuntusuna yol vermiş nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib.
Qurumdan verilən məlumata görə, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb.






