media-dcf48a74-cc2e-4e46-8556-0739a3fd0d98

İnsanların gündəlik həyatında ən çox rast gəlinən hallardan biri alış-veriş zamanı satıcının alıcıya kassa qəbzi təqdim etməməsidir. Marketdə, geyim mağazasında, aptekdə və ya kiçik ticarət obyektlərində bu cür hallar çox vaxt “xırda məsələ” kimi qəbul edilsə də, əslində həm alıcının hüquqlarına, həm də şəffaf iqtisadi münasibətlərə birbaşa təsir göstərir. Bir çox hallarda alıcılar kassa qəbzi tələb etməyə çəkinir və ya bunun hüquqi nəticələrindən xəbərsiz olur.

Bəs satıcı tərəfindən kassa qəbzi verilməməsi hansı hallarda qanun pozuntusu sayılır və bu cür hallarda qanunvericilik nə deyir?

Bununla bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, Vergilər Nazirliyi sahibkarları nəzarət-kassa aparatlarından düzgün istifadə etməyə və qəbzlərin alıcılara təqdim etməyə çağırır ki, ciddi cərimə və maliyyə sanksiyalarından yayınsınlar:

media-45805464-4b2d-4db5-937a-af53593c41f7

“Vergilər Nazirliyi tövsiyə edir ki, sahibkarlıq subyektləri nəzarət-kassa aparatlarından düzgün istifadə etməli, vurulmuş qəbzləri mütləq qaydada alıcılara təqdim etməlidirlər ki, böyük məbləğdə cərimə və maliyyə sanksiyaları ilə üzləşməsinlər. Sahibkarın kassa aparatlarından istifadə etməməklə vergidən yayındırdığı məbləğ gələcəkdə maliyyə sanksiyaları şəklində itirəcəyi məbləğdən qat-qat azdır”.

Vəkil vurğulayıb ki, nəzarət-kassa aparatı tətbiq edilmədikdə və ya qəbz verilmədikdə vergi ödəyicisinə təqvim ili ərzində təkrar sayına görə 1 000 manatdan 6 000 manatadək maliyyə sanksiyası tətbiq olunur:

“Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli qəbzin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat;
  • təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat;
  • təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər