"Şahdağ Quba" futbol klubunun sabiq prezidenti intihardan əvvəl video paylaşdı - “Heç kimi günahlandırmıram”
“Şahdağ Quba” futbol klubunun sabiq prezidenti Xanbaba Daşdı İstanbulda ölü tapılıb.
Patrulaz.az xəbər verir ki, onun meyiti iyunun 27-də Türkiyənin İstanbul şəhərində tapılıb. Faktı mərhumun yaxınları da təsdiqləyiblər.
İlkin ehtimallara əsasən, Xanbaba Daşdı intihar edib. Bildirilir ki, o, ölümündən bir neçə saat əvvəl şəxsi “Facebook” hesabında intihara dair video paylaşıb. Səsləndirdiyi müraciətdə Daşdının son sözlərində intihara görə heç kimi günahlandırmadığını, bu qərarın yalnız şəxsi səbəblərlə bağlı olduğunu bildirib.
“Bu gün intihar edirəm. Səbəb isə özüməm. Başqa adamlarda problem axtarmıram. Səhv etdiyim, incitdiyim insanlar var, amma onların adını çəkməyəcəyəm”.
Daşdı, eyni zamanda ailəsindən və yaxın dostlarından üzr istəyib:
“Ailəm üçün, məni sevən dostlarımdan üzr istəyirəm. Yaxşı ki, sizi tanımışam. Yaxşı ki, varsınız”.
Mərhumun sözlərinə görə, həyatında müəyyən uğurlara öz gücü ilə çatsa da, artıq davam etməyə gücünün qalmadığını ifadə edib:
“Bəzi yerlərə öz səylərimlə gəlmişəm. Amma artıq…”
Qeyd edək ki, hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.