media-inshot_20260515_133719194

Yay mövsümünün yaxınlaşması ilə Azərbaycanın turizm bölgələrində kirayə ev bazarında ciddi canlanma müşahidə olunur. Xüsusilə Quba, Qusar, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran və Nabran kimi ənənəvi istirahət istiqamətlərində günlük və aylıq kirayə qiymətləri artıq artım mərhələsinə keçib.

Patrul.az-ın araşdırmasına görə, bazarda yaranan fəallıq həm yerli turistlərin, həm də xaricdən gələn qonaqların yay planları ilə əlaqələndirilir.

Əmlak bazarı iştirakçılarının sözlərinə görə, may ayının ikinci yarısından etibarən bölgələrdə bağ evlərinə maraq nəzərəçarpacaq dərəcədə yüksəlir. Bu tendensiya hər il müşahidə olunsa da, builki mövsümdə erkən rezervasiyaların daha çox olduğu bildirilir. Xüsusilə hovuzlu, geniş həyətli və ailəvi istirahət üçün uyğun bağ evlərinə tələbat əvvəlki aylara nisbətən daha sürətlə artır.

Hazırda bəzi bölgələrdə sadə şəraitə malik günlük kirayə evlərin qiyməti 80-120 manat arasında dəyişir. Turistlərin daha çox üstünlük verdiyi komfortlu kotteclər, dağ mənzərəli villalar və hovuzlu bağ evlərində isə qiymətlər 300-600 manata qədər yüksəlir. Həftəsonları və bayram günlərində qiymətlərin daha da artdığı qeyd olunur. Bəzi hallarda isə bir günlük kirayə qiyməti adi günlərlə müqayisədə ikiqat bahalaşır.

Müşahidələr göstərir ki, qiymət artımının əsas səbəblərindən biri tələbin təklifdən daha sürətli artmasıdır. Yay aylarında ailələrin şəhərdən kənarda istirahətə üstünlük verməsi bölgələrdə kirayə bazarını daha da aktivləşdirir. Xüsusilə Bakı və Abşeron ərazisində yaşayanların qısa müddətli istirahət üçün rayonlara üz tutması bazarda əlavə təzyiq yaradır.

Ekspertlər bildirirlər ki, hotellərdə qiymətlərin yüksəlməsi də turistlərin alternativ seçimlərə yönəlməsinə səbəb olur. Son illərdə fərdi bağ evləri və kotteclər daha çox tələb görməyə başlayıb. Səbəb isə ailələr üçün həm daha rahat, həm də daha sərbəst istirahət imkanı yaratmasıdır. Bir çox turist artıq hotellərdən çox, ayrıca həyəti və mətbəxi olan evlərə üstünlük verir.

Turizm sektorunda fəaliyyət göstərən şəxslər qeyd edirlər ki, bu il iyun və iyul ayları üçün bir sıra məşhur bölgələrdə evlərin müəyyən hissəsi artıq bron edilib. Xüsusilə Qəbələ və Qusarda yerləşən məşhur istirahət məkanlarında erkən rezervasiya edənlərin sayı ötən illə müqayisədə daha yüksək qiymətləndirilir. Bazarda müşahidə olunan bu tendensiya yay aylarında qiymətlərin daha da artacağı ehtimalını gücləndirir.

Əmlak məsələləri üzrə mütəxəssislər hesab edirlər ki, bölgələrdə günlük kirayə bazarı aylıq kirayə seqmenti ilə müqayisədə daha sürətli bahalaşır. Çünki qısamüddətli turist axını ev sahiblərinə daha yüksək qazanc əldə etmək imkanı yaradır. Bu səbəbdən bəzi ev sahibləri yay aylarında uzunmüddətli kirayədən imtina edərək mənzilləri günlük təklif etməyə başlayırlar.

Mütəxəssislər vətəndaşlara qiymət artımından yayınmaq üçün istirahət planlarını əvvəlcədən qurmağı tövsiyə edirlər. Onların fikrincə, mövsüm tam aktivləşdikdən sonra həm münasib qiymət tapmaq çətinləşir, həm də seçim imkanları azalır. Xüsusilə məşhur turizm bölgələrində son anda ev tapmaq bəzi hallarda mümkün olmur.

Rəsmi statistik göstəricilər də kirayə bazarında ümumi artım tendensiyasının davam etdiyini göstərir. Son aylarda həm paytaxtda, həm də bölgələrdə kirayə mənzillərin qiymətlərində bahalaşma qeydə alınır. Yay mövsümünün başlaması ilə bu dinamikanın daha da sürətlənəcəyi gözlənilir.

Ləman Sərraf


Bənzər xəbərlər