media-inshot_20260112_143436375

Son günlər ölkədə təhsil sahəsində gedən yeniliklər ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə yeni məzun tələbələr üçün diplom və attestatların elektron formada verilməsi maraq doğurur. Bu sistem vasitəsilə tələbələr diplomlarını onlayn əldə edə və lazım gəldikdə işəgötürənlər üçün dərhal təqdim edə biləcəklər.

Bəs elektron diplomların hansı üstünlükləri var? Köhnə diplom sahibləri də bu imkanlardan yararlana biləcəkmi?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az -a açıqlamasında bildirib ki, elektron diplom və attestatlar yalnız dublikatlar üçün təqdim ediləcək, köhnə sənədlər avtomatik çevrilməyəcək:

“Diplom və attestatların elektron formada verilməsi məsələsi cəmiyyət üçün maraq doğuran mühüm yeniliklərdəndir. Xüsusilə qeyd etmək lazımdır ki, elektron formada təqdimetmə yalnız dublikat diplomlara tətbiq ediləcək. Yəni əvvəl verilmiş köhnə diplomlar avtomatik olaraq elektron formata çevrilməyəcək”.media-inshot_20260112_143315654

P. Qədimova həmçinin qeyd edir ki, elektron diplomların bir sıra mühüm müsbət tərəfləri vardır:

“Diplom və attestatların elektron formata keçirilməsinin isə bir sıra mühüm müsbət tərəfləri var. İlk növbədə, bu yenilik kargüzarlıq işlərini xeyli asanlaşdıracaq və sənəd dövriyyəsində operativliyi artıracaq. Eyni zamanda, kağızsız hökumət modelinə keçid baxımından mühüm addım olmaqla, ekoloji cəhətdən də əhəmiyyətli töhfə verəcək.

Elektron diplomlar vasitəsilə məzunlara sənədlərin daha qısa müddətdə təqdim olunması mümkün olacaq. Bundan əlavə, diplomlarda Milli Kvalifikasiyalar Çərçivəsinə (MKÇ) uyğun olaraq təhsil səviyyəsi açıq şəkildə göstəriləcək. Gələcək perspektivdə mikrokreditlərin əlavə olunması, məzunun əldə etdiyi təlim nəticələrinin qeyd edilməsi və akademik fəaliyyətini davam etdirmə imkanlarının daha dəqiq ifadə olunması da nəzərdə tutulur.

Bütün bu üstünlüklər ali və orta təhsil sisteminin şəffaflığını və tanınmasını artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq təhsil məkanına inteqrasiyası baxımından da xüsusi əhəmiyyət daşıyır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər