“Köhnə təfəkkürü Ermənistana ziyan vurur”- ŞƏRH
“Ermənistanın son dövrlərdə artan təxribatı Azərbaycanı tələsik sülh müqaviləsi imzalamağa məcbur etməkdən ibarətdir. Ermənistan hesab edir ki, Azərbaycan belə vəziyyətdə hələ şərait yetişmədiyi halda sülh müqaviləsinə imza atacaq. Bununla da Azərbaycan gələcək taleyi üçün ciddi problemləri özü-özünə təmin edəcək”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, dünən prezident İlham Əliyev Almaniya prezidenti ilə keçirilən mətbuat konfransında elan etdi ki, Ermənistan öz konstitusiyasında dəyişiklik etməyincə və ATƏT-in Minsk qrupu ləğv edilməyənə qədər sülh müqaviləsi imzalana bilməz. Ermənistan bu bəyanatdan nəticə çıxarmalıdır. Ancaq görünür ki, köhnə təfəkkür Ermənistan düşüncəsini hələ tərk etməyib. Lakin bu Ermənistana ziyan vurur. Çünki sülh müqavilənin imzalanmaması Ermənistanı Azərbaycan və Türkiyənin böyük imkanlarından məhrum edir. Ermənistan bunlardan nə qədər tez nəticə çıxararsa, o qədər də qonşu dövlətin gələcək taleyi müəyyən edilmiş olar.
Eyni zamanda, Ermənistan Azərbaycanın bu təxribatlara səbrlə dözəcəyini düşünrsə, səhv edir. Azərbaycan öz suverənliyini və özünün ərazi bütövlüyünü, o cümlədən əhalinin təhlükəsizliyi məsələsini həmişə dövlətçiliyinin bir nömrəli əsas vəzifəsi sayır”.
Gülbəniz Səfərova