media-inshot_20260126_195750943

Son illərdə sosial şəbəkələr xeyriyyə təşəbbüslərinin yayılması üçün mühüm platformaya çevrilsə də, bu imkanlardan sui-istifadə halları da artmaqdadır. İctimai etimaddan yararlanaraq saxta xeyriyyə kampaniyaları təşkil edən şəxslər və ya qruplar maddi qazanc əldə etməyə çalışır, bu isə hüquqi baxımdan ciddi problemlər yaradır. Belə hallar təkcə vətəndaşların maddi maraqlarına deyil, eyni zamanda cəmiyyətin xeyriyyə institutlarına olan inamına da zərbə vurur. Azərbaycan qanunvericiliyində dələduzluq, saxta məlumat yayımı, vəsaitlərin qanunsuz toplanması və elektron mühitdə törədilən hüquq pozuntuları ilə bağlı konkret normalar mövcuddur və bu normalar sosial şəbəkələr üzərindən həyata keçirilən saxta xeyriyyə kampaniyalarına da şamil olunur. Bəs sosial şəbəkələrdə saxta xeyriyyə kampaniyalarının təşkili hüquqi baxımdan hansı məsuliyyət növlərini yaradır?

Bu barədə hüquqşünas Rüstəm Əzimzadə Patrul.az-a açıqlamasında bildirib ki,sosial şəbəkələrdə saxta xeyriyyə kampaniyaları həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olan və vətəndaşların xeyirxahlığından sui-istifadə edən hüquqpozucu əməllərdir:

“Sosial şəbəkələr vasitəsilə həyata keçirilən saxta xeyriyyə kampaniyaları müasir hüquq sistemində mülkiyyət əleyhinə yönəlmiş və informasiya texnologiyalarından istifadə edilməklə törədilən mürəkkəb hüquqazidd əməllər qrupuna daxil edilir. Bu növ fəaliyyətlər vətəndaşların xeyirxahlıq və rəhm hisslərindən sui-istifadə etməklə maddi vəsaitlərin ələ keçirilməsinə xidmət etdiyi üçün qanunvericilikdə həm inzibati, həm də cinayət məsuliyyəti predmeti kimi nəzərdən keçirilir. Hüquqi baxımdan bu məsələnin tənzimlənməsi birbaşa olaraq əməlin miqyasından, zərərçəkmişlərin sayından və ələ keçirilən vəsaitin həcmindən asılıdır. Rəqəmsal mühitdə saxta yardım çağırışlarının təşkili zamanı yaranan ilkin məsuliyyət növü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Əgər saxta xeyriyyə kampaniyası nəticəsində ələ keçirilən məbləğ cinayət tərkibi yaratmayan, yəni xırda talama hesab edilən həddədirsə, bu halda şəxs inzibati məsuliyyətə cəlb olunur. Bununla belə, internet resursları vasitəsilə kütləvi şəkildə yayılan yalan məlumatlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərini də kobud şəkildə pozur. Bu qanuna edilən son düzəlişlərə əsasən, cəmiyyəti çaşdıran və ictimai maraqlara zərər vuran yalan informasiyanın yayılmasına görə tətbiq edilən sanksiyalar rəqəmsal fırıldaqçılığın bu növünü də tam əhatə edir”.

media-img-20260126-wa0033

Hüquqşünas həmçinin qeyd edir ki, saxta kampaniyalarda vəsaitlərin məqsədindən kənar istifadəsi həm pul vəsaitlərinin leqallaşdırılması riski yaradır, həm də mülki qaydada ziyanın tam ödənilməsini tələb edir:

“Məsələnin cinayət hüquqi tərəfi isə daha sərtdir və bu əməllər adətən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci, yəni dələduzluq maddəsi ilə tövsif olunur. Sosial şəbəkələrin geniş imkanlarından istifadə edərək saxta tibbi sənədlər və ya uydurulmuş həyat hekayələri ilə insanların etibarını qazanaraq vəsait toplamaq, özgə əmlakını aldatma yolu ilə ələ keçirmək deməkdir. Burada xüsusi diqqət yetirilməli olan məqam odur ki, cinayətin kompüter sistemi vasitəsilə törədilməsi qanunvericilikdə ağırlaşdırıcı hal kimi qəbul edilir və bu, birbaşa olaraq daha yüksək cəza hədlərinin tətbiqinə yol açır. Eyni zamanda, toplanan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi və onların mənşəyinin gizlədilməsi gələcəkdə “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması” kimi digər ağır maddələrin də gündəmə gəlməsinə səbəb ola bilər. Mülki hüquq müstəvisində isə saxta kampaniya təşkilatçıları zərərçəkmiş şəxslərə vurduqları maddi ziyanı tam həcmdə ödəmək öhdəliyi daşıyırlar. Hətta cinayət işi başlanmasa belə, aldadılmış tərəflər mülki qaydada məhkəməyə müraciət edərək əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitlərin geri qaytarılmasını tələb edə bilərlər. Müasir rəqəmsal ekspertiza imkanları virtual məkanda həyata keçirilən bütün maliyyə tranzaksiyalarını izləməyə imkan verdiyi üçün, bu cür kampaniyaların anonim qalması və ya məsuliyyətdən yayınması hüquqi baxımdan demək olar ki, qeyri-mümkündür. Beləliklə, sosial şəbəkələrdə saxta xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şəxslər dövlətin həm inzibati-nəzarət, həm də cinayət-təqib mexanizmlərinin hədəfində dayanırlar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər