Kreml Bakıda saxlanılan rusiyalıların müdafiəsi üçün bütün vasitələrdən istifadə edəcəyini açıqladı
Kreml Bakıda saxlanılan rusiyalıların müdafiəsi üçün bütün vasitələrdən istifadə edəcəyini açıqlayıb.
Patrulaz.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı açıqlama verərək, Rusiya tərəfinin bu prosesi diqqətlə izlədiyini bildirib. Onun sözlərinə görə, Moskva vətəndaşlarının hüquqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməyə hazırdır.
“Həqiqətən, biz bütün videogörüntüləri gördük, bütün detallara diqqət yetirdik. Biz diplomatik kanallar vasitəsilə vətəndaşlarımızın qanuni maraqlarını qoruyacağıq. Və bunun üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, iyulun 1-də Azərbaycanda səkkiz Rusiya vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsində və digər cinayət hallarında şübhəli bilinərək saxlanılıb. Məhkəmə onların barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçib.