Küçə itlərinin tutulması və buraxılması: təhlükəsizlik şərtləri - Baytar izah edir
Son günlər cəmiyyətdə itlərin tutulması və saxlanılması məsələsi aktualdır. Bəzi itlər tutulduqdan sonra müəyyən müddət saxlanılır və sonra qulaqlarına birka taxılaraq yenidən buraxılır.
Bəs, bir dəfə tutulmuş itlərin yenidən buraxılması nə dərəcədə düzgün sayılır?
Bu barədə baytar Dr. Suliddin Ələkbərli Patrul.az-a açıqlamasında bildirib ki, birka taxılmış it quduzluğa qarşı peyvənd olunmuş və qısırlaşdırılmış heyvandır, ona görə də quduzluq riski daşımır:
“İtlər küçələrdən yığıldıqda xüsusi qurumlara təhvil verilir. Orada heyvanlar qısırlaşdırılır və quduzluğa qarşı vaksin vurulur ki, heyvan həm quduz olmasın, həm də nəslinin artmasının qarşısı alınsın. Bu prosesdən sonra onları yenidən ya küçələrə, ya da xüsusi ayrılmış ərazilərə buraxa bilirlər. Bəzi hallarda isə xüsusi sığınacaqlarda saxlanılırlar. Qulağında birka olan heyvan bu deməkdir ki, həmin it qısırlaşdırılıb və ona quduzluq əleyhinə peyvənd vurulub. Yəni belə heyvanın quduz olması mümkün deyil. Təbii ki, aqressiya göstərə bilər, lakin bu quduzluq demək deyil. Aqressiyanın yaranma səbəblərindən biri də insanların davranışıdır. Təəssüf ki, bəzi insanlar küçə heyvanlarına qarşı amansız davranır, onları vurur. Heyvan da özünü müdafiə etmək üçün aqressiya göstərməyə başlayır və bu aqressiya zamanla artır.”
Baytar vurğulayır ki, itlərin yenidən buraxılması üçün əsas şərt onların təhlükəsiz və uyğun ərazilərə yerləşdirilməsidir:
“Yenidən buraxılmasının düzgün olub-olmaması isə şərtlərdən asılıdır. Əgər xüsusi sığınacaqlarda yeməyi və baxımı təmin ediləcəksə, orada qalması daha yaxşıdır. Amma belə bir şərait yoxdursa, ən azından əhalinin sıx yaşadığı məhəllələrdən və şəhər mərkəzindən kənar ərazilərə buraxılması daha məqsədəuyğundur. Çünki sıxlıq olan yerlərdə heyvanlar daha da aqressivləşir, maşın səsindən və səs-küydən qorxur. Ona görə də daha sakit və kənar ərazilərə buraxılması daha doğru olar.”
Cəmilə Cəfərzadə






