Lənkəran-Astara Regional Təhsil İdarəsi məktəb direktorunun qanunsuz əməllərini ört-basdır edir- İDDİA
Yardımlı rayonu, Alar kənd sakini Fərəc Rəhmanov Alar kənd tam orta məktəbində 30 ildir ki, direktor vəzifəsini icra edən İlyas Əbilovdan şikayətçidir.
Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumata görə, məktəb direktoru qanunsuz fəaliyyətlə məşğuldur. Belə ki, 23.02.2023-cü il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən İlyas Əbilova şiddətli töhmət verilməsinə baxmayaraq, adıçəkilən şəxs bu günə qədər də öz qanunsuz əməllərini davam etdirir. Şikayətdə məktəb direktorunun məktəbdə çalışan təmizlik işçilərinin maaşlarının heç bir səbəb göstərilmədən kəsildiyi qeyd olunub.
Eyni zamanda Azərbaycan dili və ədəbiyyat müəllimi Almırzə Şahvərənovun 2024-cü ilin mart ayında 65 yaşının tamam olduğu halda, sertifikasiya imtahanında iştirak etmədən pedaqoji fəaliyyətini davam etdirdiyi bildirilib.
Həmçinin məktəbdə fizika müəllimi olmadığı təqdirdə, vakant yerlərin məktəb direktoru tərəfindən şəxsi maraqları naminə gizlədildiyi qeyd edilib.
Bildirilib ki, müəllim təyinatlarında baş verən qanunsuzluqlarla bağlı dəfələrlə müvafiq qurumlarla şikayət olunsa da, məsələ ört-basdır edilib.
Vətəndaş qeyd olunan qanunsuz halların araşdırılması və qanunauyğun tədbir görülməsini xahiş edir.
Səbinə Hüseynli