Like asılılığı: Virtual bəyənilmə ehtiyacı psixikanı necə formalaşdırır?
Zamanla sosial media sadəcə ünsiyyət vasitəsi olmaqdan çıxaraq insanların dəyər və özünütanıma meyarına çevrildi. Bir foto, bir paylaşım və onun altına gələn “like”lar… Görünüşdə sadə bir klik, amma psixoloji dərinlikdə bir təsdiq, qəbul və hətta sevgi ehtiyacının müasir ifadəsidir. Bəs insan beynini “like”a bu qədər bağlayan nədir? Niyə bu qədər asanlıqla onun əsiri oluruq?
Patrulaz.az bu sualların cavabını sizə təqdim edir:
Dopamin effekti: “Like”ın biokimyəvi gücü
Araşdırmalar göstərir ki, sosial mediada paylaşım etdikdən sonra gələn bəyənmələr beyində dopamin ifrazını artırır. Bu maddə mükafat sistemi ilə əlaqəlidir, yəni insan bəyənildikcə özünü daha yaxşı hiss edir. Təsəvvür edin: bir status paylaşdınız və o, onlarla insan tərəfindən bəyənildi. Beyniniz bu anı “mükafat” kimi qəbul edir və sizi təkrar paylaşım etməyə təşviq edir. Tədricən bu bir vərdişə, sonra isə asılılığa çevrilir.
Virtual bəyənilmənin psixoloji kökləri
Freydin və sonrakı psixoanalitiklərin təməl iddialarından biri insanın qəbul edilmək və sevildiyini hiss etmək istəyidir. Lakin bu hiss keçmişdə ailə, yaxın çevrə və real sosial münasibətlərlə təmin olunurdu. İndi isə insanlar bu ehtiyacı ekran arxasında, virtual bəyənmələrlə qarşılayır. “Məni neçə nəfər bəyəndi?” sualı, “Mən dəyərliyəmmi?” sualına çevrilir. Bu da özünəgüvənin sosial mediaya bağlı formalaşmasına səbəb olur.
Rəqəmlərlə özünü tanıma – yeni şəxsiyyət inşası
Bəzi insanlar artıq özlərini real şəraitdə yox, profil statistikaları ilə tanımlayır. Məsələn, “Mənim 10 min izləyicim var” və ya “Paylaşımlarım hər dəfə 500 like alır” kimi ifadələr dəyər ölçüsünə çevrilir. Bu, insanın şəxsiyyətini rəqəmlərlə eyniləşdirməsinə və daxili dəyərlərdən uzaqlaşmasına yol açır. Rəqəmlər azaldıqda isə özünü dəyərsiz hiss etmə, sosial təcrid və hətta depressiya simptomları ortaya çıxır.
Bəyənilməmək qorxusu: Səssiz sosial təzyiq
Sosial mediada bəyənilməmək bir çoxları üçün rədd edilmə hissi doğurur. Belə insanlar paylaşım etdikdən sonra “görəsən niyə bəyənmədilər?” sualı ilə özünü sorğulamağa başlayır. Bu narahatlıq isə sosial narahatlıq pozuntusu, özünüqiymətləndirmədə eniş və hətta real həyatda təmasdan çəkinmə ilə nəticələnə bilər.
Like mədəniyyətinə qarşı durmaq mümkündürmü?
Bu halın qarşısını almağın ilk yolu sosial medianı məqsədli və şüurlu istifadə etməkdir. Psixoloqlar istifadəçilərə belə tövsiyə edirlər:
-Özünüzü rəqəmlərlə deyil, keyfiyyətli münasibətlərlə qiymətləndirin.
-Paylaşım etdikdən sonra uzun müddət ekranı yoxlayıb bəyənmə sayını izləməkdən çəkinin.
-Sosial media detoksları ilə özünüzü real həyatla təmasda saxlamağa çalışın.
-Öz dəyərinizi yalnız digərlərinin reaksiyalarına əsaslandırmayın.
“Like” – bəlkə də 21-ci əsrin ən zərərsiz görünümlü asılılığıdır. Sadə bir işarə ilə insan psixikasını yönləndirə, emosional tarazlığı poza və davranış modelini dəyişdirə bilir. Əgər insan içindəki “sevilmək” ehtiyacını yalnız virtual bəyənmələrlə qarşılayırsa, o zaman bu sistem artıq onu idarə edir.
Ləman Sərraf






