media-inshot_20251027_194236051

Azərbaycanda son aylarda ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərində artım müşahidə olunur. Lakin əməkhaqqı artımı bu bahalaşma tempinə uyğun gəlmir. Üstəlik, 2025-ci ilin yanvarından etibarən 2.500 manatadək aylıq gəliri olanlardan əlavə 3% vergi tutulması planlaşdırılır.

Bəs bu vergi hansı gəlirlərdən tutulacaq və gələcəkdə bu faiz dərəcəsinin artması mümkündürmü?

Bu barədə iqtisadçı Pərviz Heydərov Patrulaz.az-a açıqlamasında bildirib ki,  7 il əvvəl tətbiq olunmuş gəlir vergisi güzəşti mərhələli şəkildə ləğv ediləcək – əvvəlcə 2 500 manat gəliri olanlardan 3%, 2028-ci ildən isə 7% gəlir vergisi tutulacaq:

“Yanvar ayından fiziki şəxslərdən gəlir vergisinə dair son 7 il ərzində gəlir vergisi tutulmurdu. Belə ki, sözügedən gəlir vergisi dövlət sektorunda neft-qaz sahəsində çalışanlardan tutulurdu.

Qeyri-neft-qaz sektorunda və digər dövlət sektorunda çalışanlara isə 2019-cu il yanvarın 1-dən gəlir vergisinə güzəşt tətbiq edilmişdi. Bu güzəşt nəticəsində 8 000 manata qədər maaş alanlardan gəlir vergisi tutulmurdu.

İndi 7 il tamam olub və yanvardan həmin güzəşt ləğv edilir. Lakin hökumət güzəştin ləğvini birdən-birə həyata keçirmir, onu mərhələli şəkildə tətbiq edir. Belə ki, əvvəlcə gələn il 2 500 manat gəliri olanlardan 3% vergi tutulacaq. Bu əlavə vergi deyil, fiziki şəxslərdən gəlir vergisidir. Sonra 2027-ci ildə bu rəqəm bir qədər artırılacaq, 2028-ci ildə isə 7% təşkil edəcək. Bu vergi özəl sektorda çalışanların aylıq maaşlarından tutulacaq. Qiymətlərin qalxması, maaşların sabit qalması və digər məsələlər isə ayrı mövzudur”.

Həmçinin iqtisadçı Rəsmiyyə Sabir də bu mövzu ilə bağlı Patrulaz.az-a öz fikirlərini bölüşüb.

İqtisadçı bildirib ki, 2026-cı ildə minimum əməkhaqqı artırılmayacaq. Onun sözlərinə görə, 2 500 manatadək gəliri olanlardan 3% vergi tutulacağı üçün bunun, əhalinin rifahına mənfi təsir göstərəcəyi gözlənilir:

“Məlum olduğu kimi, istehlak qiymətlərinin yüksəlməsi əhalinin rifah halına mənfi təsir göstərir. 2026-cı il üçün isə minimum əməkhaqqının artırılması nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, iqtisadiyyatda məşğul olanların əksəriyyətinin maaşında artım olmayacaq. Yəni, yüksələn istehlak qiymətlərinin fonunda işləyənlərin əksəriyyətinin maaşı sabit qalacaq. Bundan başqa, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2 500 manatadək aylıq gəlirdən 3 faiz tutulacaq. Təbii ki, vergi dərəcələrinin yüksəlməsi də iqtisadiyyatda məşğul olanların rifah halına mənfi təsir göstərir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər