Maduro və həyat yoldaşı vurulub, yoxsa özləri xəsarət alıb? - Şok iddialar
Venesuelanın əsir götürülən prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin saxlanılma əməliyyatından əvvəl xəsarət aldıqları ilə bağlı yeni faktlar üzə çıxıb.
Patrul.az “Nexta Live”a istinadən xəbər verir ki, Maduro və həyat yoldaşı ABŞ xüsusi təyinatlı qüvvələrindən qaçmağa çalışarkən yaralanıblar.
Məlumata görə, cütlük yaşadıqları evin içərisində ağır dəmir qapının arxasında gizlənməyə cəhd edib. Lakin qapının həddindən artıq alçaq olması səbəbindən həm Nikolas Maduro, həm də Siliya Flores başlarını sərt şəkildə vuraraq xəsarət alıblar.
Mənbələrin bildirdiyinə görə, onların aldığı xəsarətlər ABŞ-ın “Delta” xüsusi təyinatlı qüvvələri ilə qarşılaşmadan əvvəl baş verib.
ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den “Raizin” Keynin sözlərinə görə, ABŞ qüvvələri şənbə günü təxminən saat 01:00 radələrində Şərqi Karakasda yerləşən əraziyə daxil olub. Əməliyyat zamanı evə qəfil basqın edilib.
Bildirilir ki, ABŞ hərbçiləri Maduronun gizləndiyi ərazidəki iri dəmir qapıları partlatmağa cəhd ediblər. İstifadə olunan vasitələr ölümcül olmayan, güclü işıq və səs effekti yaradan, çaşdırıcı partlayıcı qurğular olub.
ABŞ rəsmisi və məsələdən xəbərdar olan digər mənbənin sözlərinə görə, xəsarətlər məhz həmin anlarda və ya ondan qısa müddət əvvəl baş verib.
Qeyd edək ki, Siliya Flores saxlanıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxarkən üzündə göyərmələr müşahidə edilib. Nyu-Yorkda keçirilən məhkəmə iclasında onun vəkili hakimə Floresin qabırğalarında sınıq ola biləcəyi ehtimalını bildirib və əlavə tibbi müayinəyə ehtiyac olduğunu vurğulayıb.
Maduronun vəkili isə müvəkkilinin ümumi sağlamlıq problemlərinin olduğunu və tibbi nəzarətə ehtiyac duyduğunu açıqlayıb.
Floresin vəkili üzündəki göyərmələrlə bağlı suala cavab olaraq bildirib:
“Müştərimizin əhval-ruhiyyəsi yaxşıdır. Hökumətin təqdim etdiyi sübutları nəzərdən keçirməyi və onlara hüquqi müstəvidə etiraz etməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Venesuelada həyata keçirilən ələ keçirmə əməliyyatı zamanı, o cümlədən Maduronun kubalı mühafizəçiləri də daxil olmaqla, təxminən 75 nəfərin öldürüldüyü iddia olunur. Məlumatlara görə, qarşıdurma zamanı bir neçə amerikalı hərbçi də yaralanıb.
Gülbəniz Səfərova






