Maduronun ələ keçirilməsində iştirak edən hərbiçi saxlanıldı - Prezident üzərindən mərc edibmiş
ABŞ-də siyasi mərc oyunları vasitəsilə böyük məbləğdə pul qazanan şəxs saxlanılıb.
Patrul.az xəbər verir ki, saxlanılan şəxsin Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş xüsusi təyinatlı hərbçi olduğu məlum olub.
Məlumata görə, o, əməliyyata dair məxfi məlumatlardan istifadə edərək mərc platformasında iri məbləğdə qazanc əldə etməkdə ittiham olunur.
Bildirilir ki, Şimali Karolina ştatında yerləşən Fort-Liberti (keçmiş Fort-Breqq) hərbi bazasında xidmət edən 38 yaşlı serjant Gannon Ken Van Dyke ABŞ Ədliyyə Departamenti tərəfindən saxlanılıb.
İstintaq materiallarına əsasən, Van Dyke Venesuela lideri və həyat yoldaşı Siliya Floresin saxlanılması ilə nəticələnən gizli hərbi əməliyyatın planlaşdırılmasında iştirak edib. Qeyd olunur ki, hərbçi əməliyyatın detallarından əvvəlcədən xəbərdar olub və bu məlumatları şəxsi qazanc əldə etmək məqsədilə istifadə edib.
O, dekabr ayının sonunda “Polymarket” platformasında anonim hesab açaraq Maduronun yanvar ayına qədər hakimiyyətdən kənarlaşdırılacağına ümumilikdə 33 min dollar mərc edib.
Məlumata görə, hərbçi ümumilikdə 13 mərc yerləşdirib və sonuncu mərci əməliyyata bir neçə saat qalmış edib. Əməliyyat başa çatdıqdan sonra onun qazancı 409 min dollara çatıb.
Bildirilir ki, Van Dyke əldə etdiyi vəsaiti gizlətmək məqsədilə müxtəlif sxemlərdən istifadə edib. O, pulları kriptovalyuta cüzdanlarına köçürüb, daha sonra isə broker hesabları vasitəsilə nağdlaşdırmağa çalışıb. Lakin hüquq-mühafizə orqanları maliyyə əməliyyatlarını izləyərək onu ifşa edib.
Hazırda ona qarşı məxfi məlumatlardan qanunsuz istifadə, elektron dələduzluq, maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması maddələri ilə ittiham irəli sürülüb.
Məlumata görə, təqsiri sübuta yetirilərsə, onu 60 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Nikolas Maduro 3 yanvar 2026-cı ildə Karakasda keçirilən xüsusi hərbi əməliyyat zamanı evindən həyat yoldaşı ilə birlikdə ABŞ qüvvələri tərəfindən saxlanılıb.
O, saxlanıldıqdan sonra ABŞ-ə aparılıb və hazırda Nyu-York şəhərində yerləşən Bruklin həbsxanasında məhkəmə prosesini gözləyir. Maduraya qarşı narkoterrorizm, ABŞ-a külli miqdarda kokain daşınmasının təşkili və çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb.






