media-badaa932-2536-48b0-90f2-4943446e423f

Hazırda Yer kürəsində G3 səviyyəsində maqnit qasırğası müşahidə olunur. Bu beşballıq şkalada çox güclü səviyyədir.
G3 səviyyəli maqnit qasırğası zamanı Yerin maqnit sahəsindəki dəyişikliklər enerji sistemlərinə ciddi təsir göstərə bilər. Bu zaman elektrik şəbəkələrində nasazlıqlar, qoruyucu sistemlərdə yanlış həyəcan siqnalları və yağ transformatorlarının qızması halları baş verir. Bundan əlavə, peyk rabitəsində, radionaviqasiya sistemlərində fasilələr və yüksək tezlikli radioəlaqələrdə pozuntular da ehtimal olunur.
Bütün bunlar isə meteohəssas insanlara mənfi təsir göstərir. Belə günlərdə insanlar narahatlıq, baş ağrısı, yuxusuzluq və ümumi gərginlik yaşayırlar.

Patrulaz.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova maqnit qasırğalarının insan sağlamlığına təsiri və bu vəziyyətlə necə mübarizə aparmaq barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, maqnit qasırğaları və hava şəraitindəki dəyişikliklər zamanı insanlar emosiyalarını idarə etməyə çalışmalı və özlərinə psixoloji dəstək göstərməlidirlər:

“Hava şəraiti insanların psixikasına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Bəzən insanlar hava yaxşı olduqda özlərini daha yaxşı hiss edir, pis hava şəraitində isə narahatlıq yaşayırlar. Bu fikirləri onlardan tez-tez eşidirik. Məsələn, depressiya halları daha çox payız və yaz aylarında müşahidə olunur ki, bu da birbaşa hava ilə əlaqələndirilir. Çünki hər kəs yağışlı və ya günəşli havanı eyni dərəcədə sevmir. Əksər insanlar günəşli havaya üstünlük verir və bu səbəbdən həmin günlərdə özlərini daha xoşbəxt hiss edirlər. Soyuq havalarda isə çoxları narahatlıq keçirir”.

media-81ca1e04-5daa-47a2-b9a6-38d744548524
Psixoloqun fikrincə, maqnit qasırğaları, xüsusilə panik atak və təşviş pozuntusundan əziyyət çəkən insanlara daha güclü təsir göstərir. Onun sözlərinə görə, belə hallarda insanlar emosional vəziyyətlərini tənzimləməyi bacarmalı və psixoloji dayanıqlılıq göstərməkdirlər.

“Maqnit qasırğaları daha çox insanlara bioloji təsir göstərir. Belə təsirlərə baş ağrısı, ürəkbulanma və s. daxildir. Əgər bir insan narahatlıq keçirirsə, panik atakdan əziyyət çəkirsə və ya həyəcan-təşviş pozuntusu varsa, bu halları əvvəlcədən bildiyinə görə maqnit qasırğaları ona daha mənfi təsir göstərə bilər. Bu zaman həmin insanlarda emosional vəziyyətin pisləşməsi, həyəcan və təşvişin artması müşahidə oluna bilər. Əlamətlər arasında əl tərləməsi, başgicəllənməsi, sinə sıxılması və digər fiziki reaksiyalar yer alır.
Buna görə də insanlar başa düşməlidirlər ki, hava şəraitindən asılı olmayaraq emosiyalarını idarə etməyi öyrənməlidirlər. Hər vəziyyətdə sakit qalmağı bacarsaq, bu psixoloji profilaktika rolunu oynayacaq. Nəticədə, hava dəyişsə belə, biz öz emosional vəziyyətimizi nəzarətdə saxlaya biləcəyik”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər