media-img_6191

Türkiyənin Mardin şəhərində uzun illərdir bələdiyyə təsərrüfat işlərində çalışan işçi eşəklərin “təqaüdə” çıxarılması barədə qərar qəbul edilib. Bu addım həm heyvanların rifahına önəm verilməsi, həm də xidmətlərin daha müasir texnika ilə həyata keçirilməsi məqsədi daşıyır.

Patrul.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin eşəklər əsasən dar küçələrə çöp maşınlarının daxil ola bilmədiyi ərazilərdə istifadə olunurdu. Köhnə Mardin kimi tarixi məkanlarda küçələrin çoxunun ensiz olması səbəbindən illərdir bələdiyyə əməkdaşları məhz bu heyvanların köməyi ilə tullantıların daşınmasını təmin ediblər.

Bələdiyyə rəsmiləri bildiriblər ki, bu heyvanlar artıq yaşlanıblar və onların daha ağır işlərdə çalışması düzgün hesab edilmir. Buna görə də işçi heyvanlar xüsusi sahədə istirahət və baxım altına alınaraq “təqaüd həyatı” yaşayacaqlar.

Yeni dövrdə həmin zonalarda tullantıların toplanması üçün daha kiçik ölçülü elektrikli nəqliyyat vasitələrinin istifadəsi nəzərdə tutulur. Bu dəyişiklik həm iş prosesinin səmərəliliyini artıracaq, həm də heyvanların əmək yükündən azad edilməsinə imkan verəcək.

Mardin ictimaiyyəti bələdiyyənin bu qərarını müsbət qarşılayıb və heyvanların rifahına verilən dəyəri yüksək qiymətləndirib.

Günay Salayeva


Bənzər xəbərlər