media-2025061014595322

Dünyada elə insanlar var ki, bir tərəfdən soyuqqanlı və məsafəli, digər tərəfdən isə ehtiyac duyulduqda olduqca mehriban və ya yaxın davranırlar. Bəzən belə şəxslər yalnız şəxsi mənfəətləri üçün yaxşılıq edir. Onlar bu davranışları ilə ətrafdakılara səmimi və dürüst görünməyə çalışırlar. Adətən, bu cür insanlar “maskalı” xarakterə sahib olurlar və öz həqiqi simalarını gizlətməyə çalışırlar. Müasir dövrdə müxtəlif psixoloji pozuntular, o cümlədən narsisizm getdikcə daha çox insanın probleminə çevrilir. Hətta ətrafımızda bizə yaxın münasibətdə olan insanlarda da əsl simalarını maskalamağı bacaran narsistlər ola bilər.

Bəs bir insanın narsist olduğunu necə müəyyən edə bilərik?

Bu barədə Patrulaz.az-a açıqlama verən psixoloq Gülər Məmmədova narsistlərin xarakter xüsusiyyətlərindən, özlərinə xas olan dünyalarından və ətrafdan gözlədikləri münasibətlərdən danışdı:

“Bu gün bir çox insanda gizli narsizm müşahidə olunur. Maraqlıdır ki, bəziləri özlərində bu xüsusiyyətləri görmür və fərqində olmadan narsist davranışlar sərgiləyir. Belə insanlar, əslində, narsizmdən əziyyət çəkirlər, lakin bunu başqa ad altında dəyərləndirirlər. Hər bir insan özünün psixoloji portretini tanımalı, hansı xarakterə sahib olduğunu analiz etməlidir. Təəssüf ki, bir çoxları bunu ya düzgün şəkildə etmir, ya da ümumiyyətlə etməyə ehtiyac duymur”.

media-muellim-memmedova-guler

Psixoloq Gülər Məmmədovanın fikrincə, narsizm xəstə təfəkkür sahibi olmaq anlamına gəlmir. Onun sözlərinə görə, bu xüsusiyyətə sahib insanlar əsasən yalnız özlərini düşünürlər. Bəzən qarşı tərəfə diqqət ayırsalar da, bu, daha çox şəxsi maraqlarını təmin etmək məqsədi daşıyır:

“Narsizm xəstə təfəkkür sahibi bir problem deyil. Bu xüsusiyyətə sahib insanlar əsasən yalnız özlərini düşünürlər. Bəzən qarşı tərəfə diqqət ayırırlar, lakin bu, onların şəxsi maraqlarını təmin etmək məqsədi daşıyır. Əlbəttə, hər kəs müəyyən qədər özünü düşünür. Amma bu, normanı aşdıqda, yəni insan başqalarının həyatını idarə etməyə, onların diqqətini və marağını ifrat dərəcədə özünə yönəltməyə çalışdıqda artıq psixoloji problemlər və münasibət böhranları yaranır. Nəticədə, bu xüsusiyyətə sahib şəxslərlə münasibətlərdə yorğunluq, hətta uzaqlaşma baş verir. Narsist insanlar öz “həqiqətlərini”, doğrularını və tələblərini qarşı tərəfə zorla qəbul etdirməyə çalışırlar. Onlar sanki başqasını əzməklə özlərini qiymətləndirir, yalnız bir şeyin müqabilində dəstək olurlar. Ən təhlükəlisi isə odur ki, bu davranışlar çox vaxt açıq şəkildə baş verir və kənardan da aydın sezilir. Lakin bununla belə, həmin insanlar özlərini “doğru yolda” hesab edirlər və dəyişməyə meyilli olmurlar”.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər