Maskdan inqilabi təklif: "Robotlar işləyəcək, dövlət bizə maaş verəcək"
Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask süni intellektin gələcəkdə yaradacağı kütləvi işsizliklə bağlı diqqətçəkən çıxış yolu təklif edib.
Patrul.az xəbər verir ki, milyarder yaxın gələcəkdə milyonlarla insanın işini itirəcəyini, lakin bu prosesin fəlakət deyil, yeni bir dövrün başlanğıcı olacağını bildirib.
Mask hesab edir ki, robotlar insanların yerini tutduqca hökumətlər vətəndaşlara mütəmadi ödənişlər etməli olacaq:
“İnsanların gördüyü işləri robotlar daha yaxşı yerinə yetirəcək. Belə bir dünyada iş artıq məcburiyyət deyil, daha çox hobbi xarakteri daşıyacaq. İnsanların ehtiyaclarını ödəmək üçün dövlət mütəmadi olaraq vətəndaşlara ödənişlər etməlidir”.
Mask əvvəllər dəstəklədiyi “Universal baza gəliri” (UBI) modelini daha da genişləndirərək “universal yüksək gəlir” anlayışını irəli sürüb. Onun fikrincə, bu ödənişlər minimum tələbatla yanaşı, insanların rahat və təminatlı həyatını da qarşılamalıdır.
Milyarderin proqnozuna görə, yaxın gələcəkdə iş anlayışı tamamilə dəyişəcək:
“Robotlar ağır və rutin işləri öz üzərinə götürəcək, insanlar isə işləməyə yalnız istədikləri üçün, yəni hobbi kimi yanaşacaqlar”.
İnflyasiya ilə bağlı narahatlıqlara da toxunan milyarder bildirib ki, süni intellekt istehsalı sürətlə artıracağı üçün qiymətlərdə artım əvəzinə ucuzlaşma baş verəcək:
“Süni intellekt və robotlar mal və xidmət istehsalını o qədər artıracaq ki, pul kütləsi bu artımın gerisində qalacaq. Bu halda inflyasiya yox, deflyasiya baş verə bilər”.
Maskın fikrincə, bu sistem süni intellektin yaratdığı iqtisadi artım və böyük texnologiya şirkətlərindən alınacaq xüsusi vergilər hesabına maliyyələşdirilə bilər. O, hökumətləri bu dəyişikliklərə uyğunlaşmağa çağırıb.
Gülbəniz Səfərova






