media-img_9936

“Məlum olduğu kimi, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam ötən ilin iyulunda imzalanıb. Bu dəfə dövlət başçımız komitənin tərkibində dəyişikliklər edilməsilə bağlı sərəncam imzalayıb. Təcrübəyə əsaslansaq deyə bilərik ki, bu vaxta qədər ölkəmizin ev sahibliyi etdiyi bütün idman tədbirləri ən yüksək səviyyədə təşkil olunub. Təşkilat Komitəsi bütün lazımi tədbirləri həyata keçirib”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva səsləndirib.

Onun sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək:

“Azərbaycanın növbəti böyük idman yarışı – MDB Oyunlarına ev sahibliyi etməsi də idman ölkəsi kimi əldə etdiyimiz etimadın nəticəsidir. Gəncə şəhəri də MDB Oyunlarının mərkəzi kimi bu tədbirlərə xüsusi hazırlaşır. Burada inşa olunan İdman Sarayı bütövlükdə Qafqazda nadir idman kompleksi hesab olunur. Ümumiyyətlə, belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tarixi Azərbaycan şəhəri olan Gəncənin timasalında Azərbaycan mədəniyyətini, tarixini, ölkəmizin idman təcrübəsini təqdim etmək üçün fürsət yaranmış olacaq.
Onu da qeyd edim ki, beynəlxalq idman təşkilatlarının rəhbərləri hər zaman yarışlarda nümunəvi təşkilatçılığa görə Azərbaycan təcrübəsini nümunə kimi qiymətləndirirlər. 2015-ci ildə ilk Avropa Oyunlarını xatırlatmaq istərdim. Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına mükəmməl ev sahibliyinin nümunəsini gördü”.

media-5b64bf21-10f4-4611-a967-4a1afca17efb
Deputat qeyd edib ki, mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı qazandırdı:

“Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. Cənab Prezidentin xüsusi diqqəti, birinci xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu. Eyni zamanda tamaşaçı auditoriyası bütün qitələri əhatə edən “Formula-1″yarışlarına da ölkəmiz uğurla ev sahibliyi edir.
Hesab edirəm ki, Azərbaycan III MDB Oyunlarını da yüksək səviyyədə, layiqincə keçirəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər