media-photo-output

Yol hərəkəti qaydalarına əməl olunmaması təkcə cərimələrlə nəticələnmir, həm də sürücülük hüququ ilə bağlı ciddi məhdudiyyətlərə səbəb ola bilər. Bəzi qayda pozuntuları sürücünün müəyyən müddətə avtomobil idarəetmə hüququndan məhrum edilməsinə gətirib çıxarır ki, bu da həm hüquqi, həm də təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bəs hansı hallarda sürücülük hüququndan məhrumetmə tətbiq olunur, hüququ məhdudlaşdırılmış şəxsin yenidən avtomobil idarə etməsinə görə hansı cərimələr nəzərdə tutulur və bu hüquq hansı şərtlərlə bərpa edilir?

Bu barədə hüquqşünas Ayxan Məmmədli Patrulaz.az-a açıqlamasında bildirib ki, sürücülük hüququ yalnız ciddi yol qaydası pozuntularına görə məhdudlaşdırılır:

“Sürücülük hüququndan məhrumetmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müəyyən hallarda tətbiq edilir. Ən çox rast gəlinən hallar sərxoş vəziyyətdə avtomobil idarə etmək və sürücünün ümumiyyətlə sürücülük vəsiqəsi olmadığı halda nəqliyyat vasitəsini idarə etməsidir. Həddindən artıq sürət həddinin aşılması da məhrumetmə ilə nəticələnə bilər. Eləcə də qırmızı işıqdan keçmək, piyada keçidini nəzərə almamaq kimi ciddi qayda pozuntuları bu tədbirin tətbiqinə səbəb olur. Sərnişin daşıyan nəqliyyat vasitələrinin qaydalara zidd idarə edilməsi də eyni nəticəyə gətirib çıxarır.”

Hüquqşünasın sözlərinə görə, sürücülük hüququ məhdudlaşdırılmış şəxsin avtomobil idarə etməsi inzibati məsuliyyət yaradır:

“Bu halda həmin şəxsə pul cəriməsi tətbiq olunur və nəqliyyat vasitəsinin müvəqqəti saxlanılması mümkündür. Təkrar pozuntu isə daha ağır nəticələrə səbəb ola bilər.”

Mütəxəssislər bildirirlər ki, sürücülük hüququ yalnız qanuni müddət başa çatdıqdan və tələb olunan prosedurlar tamamlandıqdan sonra bərpa edilir:

“Hüququndan məhrum edilmiş şəxs müddət bitdikdən sonra məhkəməyə müraciət etməklə sürücülük hüququnun bərpasını tələb edə bilər. Bunun üçün müvafiq sənədlər təqdim olunmalıdır. Sürücünün sağlamlıq vəziyyətinin tələblərə uyğun olması təsdiqlənməlidir. Bəzi hallarda əlavə təlim kursları keçmək, psixoloji və tibbi müayinədən keçmək tələb oluna bilər. Məhdudiyyətlər yalnız qanuni müddət başa çatdıqdan sonra aradan qaldırılır və məhkəmə və ya icra orqanının qərarı ilə sürücülük hüququ bərpa olunur.”

Mütəxəssislər hesab edirlər ki, bu tədbirlərin məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir:

“Sürücülük hüququndan məhrumetmə ciddi inzibati tədbirdir və hüququ pozan şəxslərin davranışını tənzimləməyə xidmət edir. Bərpa prosesi isə şəffaf və qanunun tələblərinə uyğun şəkildə həyata keçirilir.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər