Məktəbəqədər təhsil uşaqlarımızın gələcəyində necə rol oynayır? - EKSPERT FİKİR BİLDİRDİ
25 iyul 2025-ci il tarixindən etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayacaq. Ümumilikdə məktəbəqədər təhsil indiyədək təhsilin inkişafında necə bir rol oynayıb? Uşaqların məktəbə başlamamışdan öncə məktəbəqədər təhsilə yönəlməsinə ehtiyac varmı?
Suallarımızı təhsil eksperti Kamran Əsədov Patrulaz.az-a açıqlamasında cavablandırıb.
O bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sistemi təəssüf ki, uzun illər ərzində təhsilin kənarlaşdırılmış və ikincil mərhələsi kimi qiymətləndirilib:
“Halbuki bu mərhələ insan inkişafının ən həlledici dövrünə təsadüf edir və beynəlxalq elmi araşdırmalara əsasən, öyrənmənin, şəxsiyyətin, sosial davranışın və idrak bacarıqlarının əsasları məhz 3-6 yaş aralığında formalaşır. Lakin Azərbaycanda mövcud təhsil siyasəti bu həqiqəti kifayət qədər nəzərə almır, nəticədə məktəbəqədər təhsilin əhatə dairəsi və keyfiyyəti kritik şəkildə aşağı səviyyədə qalır.
Rəsmi statistikaya görə, 2024-cü ilin sonuna olan məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma səviyyəsi 38.2% təşkil edib. Bu rəqəm xüsusilə regionlarda 20-25% civarındadır. Müqayisə üçün, Estoniyada bu göstərici 94%, Polşada 89%, Türkiyədə isə 67% civarındadır. UNESCO-nun 2023-cü il hesabatına görə, məktəbəqədər təhsilə erkən çıxış 15 il sonra iqtisadi məhsuldarlığı 7-11% artırır və sosial adaptasiya göstəricilərində 25%-ə qədər müsbət fərq yaradır. Azərbaycanda isə bu strateji nəticələr hələlik nəzərə alınmır”.
Ekspert vurğulayıb ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 19.1-ci maddəsində məktəbəqədər təhsilin məqsədi olaraq uşaqların fiziki və mənəvi inkişafının təmin olunması göstərilsə də, qanun bu sahənin könüllü xarakterini qoruyur:
“Bu isə əslində dövlətin məsuliyyətini üstüörtülü şəkildə valideynin üzərinə qoyur. Halbuki inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil ya məcburidir (məsələn, Fransa və Norveç), ya da elə geniş dövlət dəstəyi ilə təmin edilir ki, valideynin bundan imtinası qeyri-mümkün olur. Azərbaycanda isə məktəbəqədər təhsilin nə məzmunu yenilənib, nə də valideynlər üçün cəlbedici bir model qurulub.
Elm və Təhsil Nazirliyi bu istiqamətdə sistemli iş aparmır. İllərdir açıq bəyan edilir ki, məktəbəqədər təhsilin əhatə dairəsi artırılmalıdır. Lakin bu artım yalnız bəzi yeni bağçaların açılması ilə məhdudlaşır. Müəllim hazırlığı, kurikulum islahatı, oyun əsaslı təlim metodlarının tətbiqi, inklüzivliyin təmin edilməsi, valideynlərlə mütəmadi işləmə kimi keyfiyyət meyarları nə rəsmi sənədlərdə əks olunur, nə də praktikaya keçir. Ən əsası, bu istiqamətdə nə proqramlar, nə də proqnozlar ictimaiyyətlə paylaşılır. Nazirliyin bu sahədə fəaliyyətləri yalnız formal struktur və texniki dəyişikliklərə yönəlib, strateji planlama yoxdur”.

Kamran Əsədovun fikrinə görə, ən ciddi problem pedaqoji kadr çatışmazlığıdır:
“Hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoqların əksəriyyəti ya ixtisasartırmadan keçməyib, ya da təlim proseslərində müasir metodlardan istifadə etmir. Ölkədə məktəbəqədər təhsil müəllimlərinin maaşı 350–400 manat civarındadır və bu, bu sahədə ixtisaslı kadrların çalışması üçün heç bir stimul yaratmır. Üstəlik, dövlət bağçalarının bir çoxunda qruplar normadan artıq uşaqla doludur, oyun və psixoloji inkişaf üçün müvafiq şərait yoxdur. Nəticədə valideynlərin dövlət müəssisələrinə inamı azalır, özəl bağçalara müraciət artır. Lakin özəl bağçaların qiyməti orta ailənin gəlirindən qat-qat yüksəkdir və bu sahədə dövlət tənzimləməsi mövcud deyil.
Müsbət hal ondan ibarətdir ki, bəzi özəl təhsil müəssisələri beynəlxalq kurikulumlara əsaslanaraq uşaqlarda erkən yaşdan idrak, psixomotor və sosial bacarıqların inkişafına yönəlmiş proqramlar tətbiq edir. Lakin bu imkan yalnız Bakı və bir neçə böyük şəhərdə yaşayan məhdud bir təbəqə üçün keçərlidir. Ölkə miqyasında əhatəli, hamı üçün əlçatan, keyfiyyətli məktəbəqədər təhsil sistemindən danışmaq hələ də mümkün deyil.
Dünya təcrübəsində məktəbəqədər təhsilin keyfiyyət göstəricilərindən biri də valideynlərlə əməkdaşlıq, ailə mühiti ilə məktəb arasında körpü qurmaqdır. Finlandiya, İslandiya, Sinqapur kimi ölkələrdə bu sahədə dövlət həm maliyyə, həm tədris, həm də hüquqi cəhətdən ailələri dəstəkləyir. Azərbaycanda isə valideynlərin maarifləndirilməsi sahəsində ciddi boşluq var. Onların məktəbəqədər təhsilin mahiyyəti, tədris məqsədləri və faydaları haqqında məlumatı çox zəifdir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə ictimai kampaniyalar, televiziya proqramları, onlayn platformalar üzərindən marifləndirmə işi aparmır. Bu isə sistemə etimadı azaldır və ailələrin iştirakını zəiflədir”.
“Məktəbəqədər təhsil yalnız uşağın oxu-yazıya hazırlanması deyil, gələcək nəslin sosial, psixoloji və intellektual inkişafının əsas platformasıdır. Əgər bu platforma zəif qurulubsa, sonrakı mərhələdə heç bir kurikulum, müəllim hazırlığı, yaxud dərslik islahatı real dəyişiklik yarada bilməz. Azərbaycanda bu sahə köklü şəkildə yenilənməli, dövlət strategiyası ilə uyğunlaşdırılmalı, büdcədən ayrılan vəsait artırılmalı, kadrların hazırlığı müasir tələblərə uyğun təşkil edilməlidir.
Əgər bu dəyişikliklər həyata keçirilməzsə, məktəbə başlayan uşaqların əksəriyyəti sosial bacarıqlardan məhrum, diqqət və koordinasiya problemi yaşayan, psixoloji baxımdan qeyri-sabit fərdlərə çevriləcək və bu, təhsilin bütün pillələrinə ardıcıl mənfi təsir göstərəcək. Elm və Təhsil Nazirliyi bu sahədə daha artıq gecikmədən ciddi fəaliyyət planı açıqlamalı, hər bir region üzrə vəziyyəti dəyərləndirməli və məktəbəqədər təhsili təhsilin başlanğıc nöqtəsi olaraq prioritetə çevirməlidir. Əks halda bu sahədəki passivlik gələcək nəslin potensialının itirilməsi ilə nəticələnəcək”,- deyə o əlavə edib.
Ləman Sərraf






