media-inshot_20260422_130726609

Türkiyədə təhsil müəssisələrindən birində daha bir narahatedici hadisə baş verib.

Patrul.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bilecik vilayətinin Bozüyük rayonunda yerləşən Mehmet Akif Ersoy Orta Məktəbində boş silah və təhdid dolu məktub aşkarlanıb.

Əşyalar məktəbin qızlar üçün nəzərdə tutulmuş sanitar qovşağında təmizlik işləri aparılarkən xadimələr tərəfindən tapılıb. Onlar gizlədilmiş vəziyyətdə bir ədəd odlu silah (ilkin məlumata görə səs tapançası) və kağız parçasına yazılmış qeyd aşkar ediblər.

Hadisə barədə dərhal məktəb rəhbərliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Polis tərəfindən aparılan ilkin araşdırmalar zamanı məktubda məktəbin direktoru ilə yanaşı bir neçə şagirdin adının çəkildiyi və onlara qarşı birbaşa ölüm təhdidlərinin yer aldığı müəyyən olunub.

Hadisə yerinə cəlb olunan kriminalist ekspertlər tapılan əşyalar üzərindən barmaq izləri götürüblər. Hazırda polis məktəbin təhlükəsizlik kameralarının görüntülərini detallı şəkildə araşdıraraq şübhəli şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Silahın kim tərəfindən və hansı məqsədlə oraya qoyulduğu hələlik açıqlanmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.


Bənzər xəbərlər